689
Cəmiyyət 9 aprel — 14:01

Sərhədlər bağlandı, Azərbaycandan Türkiyəyə mövsümi fəhlə axını kəsildi

Türkiyənin Qaradəniz bölgəsində 4 ildir salınan nəhəng çay plantasiyaları məhsul yığımı öncəsi ilk dəfədir ki, işçisiz qalıb. Azərbaycan və Gürcüstandan mövsümi çay yığımında iştirak edən təxminən 40 min işçi koronavirus səbəbindən görülən karantin tədbirləri ilə bağlı yığımda iştirak edə bilməyəcək.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Plantasiya sahibləri çay yarpaqlarını özləri toplamaq məcburiyyətində qalıblar.

Mənbənin yazdığına görə, Türkiyənin şərq hissəsində - Artvin, Rizə, Trabzon və Girəsun bölgələrində 830 min dekar ərazidə yığım mövsümündə ümumilikdə 1 milyon işçi çalışır. Onların 40 minini əcnəbi işçi təşkil edir. Çay istehsalçıları hesab edirlər ki, bu mövsüm əcnəbi çalışanlar gələ bilmədiklərinə görə, 100 milyon dollara yaxın vəsait bölgədə qalacaq.

Nəşrin yazdığına görə, əcnəbi işçilərin olmaması yığıma təsirsiz ötüşməyəcək: “Bu il koronavirus tədbirləri ilə əlaqədar bölgədə hər kəs öz çayını özü toplayacaq. Artıq Gürcüstan və Azərbaycsndan işçi gəlməsini gözləmirik. Daha doğrusu, öz məhsulumuzu özümüz yığacağıq. Hər kəs öz çayını toplasa, bu daha bol məhsula gətirib çıxarar. Bütün dünyanı bürüyən virus bəlası bizi təsərrüfatçı edəcək”, - deyə bölgə istehsalçıları bildirirlər.

Onlar hesab edirlər ki, əcnəbi işçilərin ölkəyə giriş məhdudiyyətinin olması yerli istehsalçılar üçün şansdır.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər