525
Cəmiyyət 31 mart — 11:06

Urmiyəli alimin Türkiyədə istehsal etdiyi dezinfeksiya cihazına böyük maraq var

Urmiyəli alim və təşəbbüskar Mehrdad Fövc Lə’linin Türkiyənin Van şəhərində istehsal etdiyi hava dezinfeksiya cihazına Türkiyə və qonşu ölkələrdə böyük maraq var.

Türkiyənin “Hürriyyət” qəzetinin yaydığı məlumata görə, “biomexanika alimi Mehrdar Fövc Lə’li bu cihazı havadakı virus, bakteriya və pis qoxuları yox etmək üzrə icad edib.”

“O, daha əvvəl icad etdiyi cihazın kütləvi istehsalı üçün İran dövlətindən gərəkli dəstəyi görməyincə Türkiyənin Van şəhərində İş Gəlişdirmə Mərkəzinə (İŞGEM) müraciət etdi. Təşəbbüskar alim ona verilən xüsusi emalatxanada istehsal etdiyi cihaz üçün əlaqədar qurumlardan lazımi lisenziya və icazələri aldıqdan sonra fəaliyyətə başladı,” deyə Hürriyet qəzetində dərc edilib.

Koronavirus pandemiyası səbəbilə Lə’linin istehsal etdiyi hava dezinfeksiya cihazına maraq kəskin artıb. İxtiraçı alim Türkiyənin müxtəlif bölgələrindən əlavə Azərbaycan, Gürcüstan və İrandan da sifariş aldığını bildirib.

“Ambulans və digər qapalı mühitlərdə bu cihazdan rahatlıqla istifadə edilə bilər. Gündə 30 cihaz istehsal edə bilirik. Azərbaycan, Gürcüstan və İrandan çox tələb alırıq. Hazırda prioritetimiz Türkiyədir. Koronavirus səbəbilə çox tələb gəlir. Səhər-axşam çalışaraq tələblərə yetişməyə çalışırıq. Dünyada bu işi görən ilk şirkətik,” deyə Lə’li söyləyib.

Urmiyə Universitetinin məzunu Dr. Mehrdad Fövc Lə’li daha əvvəl icad etdiyi cihazlar üçün müxtəlif ölkələrdə beynəlxalq elmi mükafatlara layiq görülüb.

Xəbərlər