482
Cəmiyyət 30 mart — 19:20

İspaniya koronavirusa yoluxanların sayına görə Çini keçdi

İspaniya COVID-19 virusuna yoluxanların sayına görə Çini geridə qoyub. Bu gün verilən rəsmi məlumata əsasən, 85 195 nəfərdə koronavirus testinin nəticələri müsbət çıxıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ötən gün 812 nəfər virusun qurbanı olub, 6 398 şəxs yeni növ pandemiyaya yoluxub.

Virusun qeydə alındığı vaxtdan bu günə qədər ölkədə 7 340 nəfər ölüb. 16 780 ispaniyalı virusa qalib gəlib.

Bu arada məlum olub ki, İspaniya hökuməti koronavirus pandemiyası ilə bağlı elan olunan karantinin şərtlərini sərtləşdirib. İspaniyanın Baş Naziri Pedro Sançes bəyan edib ki, martın 30-dan aprelin 9-dək bir çox müəssisələrin işçiləri əməkhaqları saxlanılmaq şərti ilə evdə qalmalıdırlar.

Hakimiyyət orqanları bu tədbirin köməyi ilə vətəndaşların hərəkətini maksimal dərəcədə məhdudlaşdırmaq və COVID-19 virusunun yayılmasının qarşısını almaq niyyətindədirlər.

Ümummilli karantin rejiminin tətbiqi barədə fərmanda işlək vəziyyətdə qala biləcək fəaliyyət növlərinin siyahısı da sadalanıb. Fərmanla pərakəndə satışla məşğul olan ərzaq, ilkin tələbat məhsulları mağazaları, apteklər, dəftərxana ləvazimatları mağazaları, yanacaqdoldurma stansiyaları, xəbər agentlikləri, telekommunikasiya xidmətləri şirkətləri, poçt şöbələri, kimyəvi təmizləmə məntəqələri və camaşırxanaların fəaliyyətinə icazə verilib.

"İspaniya ən ağır, ən kədərli və acı anlarını yaşayır. Virus bizə amansız zərbələr endirir. Bu savaşın getdikcə şiddətləndiyi, təhlükənin daha da yaxınlaşdığı bir vaxtda sayıqlığı itirməmək, mübarizəni gücləndirmək lazımdır", - deyə Pedro Sançes bəyan edib.

Xəbərlər