539
Cəmiyyət 27 fevral — 21:24

Qərargah: İranla sərhəddə səyyar hospitallar yaradılır

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə virtualaz.org-a Nazirlər Kabinetinin yanında Qərargahdan məlumat verilib.

Bildirilir ki, Qərargahın qəbul etdiyi qərara əsasən, İran İslam Respublikası ilə sərhəd–keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Nazirlər Kabinetinin yanında Qərargah nəzərə çatdırır ki, Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaq.

Qeyd edək ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Qərargah yaradılıb.

Xəbərlər