2075
Cəmiyyət 26 fevral — 19:18

Masallıda qətliam törədən şəxsin həm də pedofil olduğu üzə çıxdı

Masallı rayonunda baş verən ailə faciəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün öldürdüyü keçmiş həyat yoldaşı Alimənin 6 yaşı olanda Sərvan onunla zorla intim əlaqədə olub. Buna görə Sərvan bir neçə il həbsdə yatıb və ailələr razılığa gəlib ki, Sərvan həbsdən çıxandan sonra Alimə ilə evlənəcək. Bu razılıq da reallaşıb və onların bu nikahdan iki uşağı dünyaya gəlib. Son vaxt ailələr arasında münaqişə böyüdüyü üçün onlar rəsmi olaraq boşanıblar. Lakin bu yaxınlarda ailələr Sarvan və Alimə üçün yeni ev tikiblər, onlar bir müddət orada da yaşayıb. Bunun ardınca isə evə görə ailələr arasında münaqişə böyüyüb.

Alimənin anası Zemfiranın isə psixoloji problemləri olduğu bildirilir. Onun təzyiqi ilə cütlük növbəti dəfə ayrılıb. Sərvan cehiz əşyalarını aparmaq üçün həmin yeni tikilən evə gələn keçmiş arvadı Alimə, onun qardaşı Alim və anası Zemfiranı ov tüfəngi ilə vurduqdan sonra özünə də çənəsindən atəş açıb. Lakin Sərvan bundan sonra hadisə yerindən qaçaraq yaxınlıqdakı yarımtikilidə gizlənib, polis onu qan izlərini təqib edərək tapıb. 

Sərvan kənddə ovçuluqla məşğul olub, dolanışığını da ovladığı quşları satmaqla təmin edib.

*   *   *17:40

Masallı rayonunun Təzəkənd kəndində qətllər törədib, sonra özünü güllələyən Sarvan Ağayev Bakıya göndəriləcək.

Masallı Rayon Mərkəzi Xəstəxanasından oxu.az-a verilən məlumata görə, hadisəni törədən şəxsin vəziyyəti ağırdır.

“Ağayev Sarvan Azayxan oğlu özünü boğazından güllələyib. Hadisə nəticəsində onun alt və üst çənəsi dağılıb, burnu amputasiya olunub. İlkin tibbi yardım göstərildikdən sonra o, Bakıya göndəriləcək. Hadisə nəticəsində digər xəsarət alan - 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. Onun bud nayihəsindən qəlpəli yaralar var”.

*   *   *17:12

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Oxu.az-ın məlumatına görə, bu gün günorta saatlarında rayonun Təzəkənd kəndində kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu keçmiş qayınanası Nəbiyeva Zemfira Ələsgər qızının evinə gələrək, orada mübahisə edib.

Mübahisə nəticəsində o, özü ilə gətirdiyi ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını güllələyərək qətlə yetirib.

S.Ağayev daha sonra keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib.

Hadisə nəticəsində M.Nəbiyev də hadisə yerində ölüb, Z. Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.

Masallı Rayon Mərkəzi xəstəxanasından sayta bildirilib ki, hadisəni törədən S.Ağayev və onun qayınanası Z.Nəbiyeva ağır bədən xəsraətləri ilə bir saat əvvəl xəstəxanaya gətiriliblər.

“Hazırda onlar əməliyyat otağındadır, vəziyyətləri ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər