600
Cəmiyyət 23 fevral — 16:20

Magistraturaya qəbul imtahanı başa çatdı

Fevralın 23-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanı keçirib.

DİM-dən virtualaz.org-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılıb. İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər.

Əvvəlcədən məlumat verildiyi və imtahan iştirakçılarının yaddaş kitabçasında qeyd olunduğu kimi, saat 10:45-dən sonra imtahana gələn şəxslər imtahan binasına buraxılmayıblar.

Fevralın 24-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 24-26 fevral 2020-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

*   *   *10:40

Bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçiriləcək.

Virtualaz.org Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, magistratura səviyyəsinə qəbul imtahanı ölkənin 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak üçün 15 738 bakalavr ərizə təqdim edib. Onlardan 14 434 nəfəri Azərbaycan bölməsi, 1 304 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 7 139 nəfəri oğlan, 8 599 nəfəri isə qızlardır. Bakalavrlardan 8 352-si cari ilin, 7 386-sı isə əvvəlki illərin məzunlarıdır, 34 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 40, Gəncədə 4, Naxçıvan və Mingəçevirdə 2, Lənkəranda 1 binada təşkil olunacaq. Bakıda 13 347, Naxçıvanda 488, Gəncədə 1 189, Mingəçevirdə 428, Lənkəranda 286 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 154 imtahan rəhbəri, 1 580 nəzarətçi-müəllim, 251 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.

Xəbərlər