815
Cəmiyyət 22 fevral — 17:21

MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı

MSK-nın iclasında 11 saylı Qaradağ seçki dairəsindən namizəd Kamil Paşayevin müraciətinə baxılıb.

Virtualaz.org-un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü dairə üzrə müşahidəçilərə müşahidə aparmaq imkanı verilmədiyini qeyd edib: “Müraciətlə bağlı şikayətçilərlə əlaqə saxlanılıb və 3 istiqamətdə araşdırma aparılıb. Ekspert qrupu müraciəti hərtərəfli araşdırıb. Yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 25 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki (25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilib.

*** 16:29

MSK-nın iclasında 48 saylı Yevlax seçki dairəsindən namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb.

Virtualaz.org-un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb, şikayətçilərlə əlaqə saxlanılıb. Şikayətçi müraciətində 3 və 13 saylı məntəqələrdə qanun pozuntularının olduğunu bildirib. DSK müraciəti hərtərəfli araşdırıb və əsassız hesab edib. Lakin sosial şəbəkələrdə görüntülər araşdırılıb. Həmin görüntülər araşdırılan zaman 6 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 6 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

Sonda həmin dairənin 1 seçki (6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilib.

*** 16:12

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Vrtualaz.org xəbər verir ki, toplantıda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə,

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli,

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu,

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Xəbərlər