646
Cəmiyyət 29 yanvar — 16:06

“Bilmirəm, xatırlamıram...”

Moskvanın cənub-qərbində ötən gün vəhşicəsinə öldürülən azərbaycanlı ticarətçi Mahir Əsgərovun qətlində şübhəli bilinən 30 yaşlı şəxs saxlanılıb. Virtualaz.org xəbər verir ki, o, istintaq çəkilişi zamanı həmin gecə baş verənləri xatırlamadığını bildirib və günahını etiraf etməkdən imtina edib. Təhqiqat İdarəsi şübhəlinin ilkin dindirilməsi zamanı çəkilən videogörüntüləri yayımlayıb.

Qətl hadisəsi yanvarın 28-də gecə saat 01:00 radələrində Qaribaldi küçəsindəki çoxmərtəbəli binanın girişində baş verib. Qəfildən bazardan qayıdan 49 yaşlı azərbaycanlı ticarətçiyə hücum edən şəxs onun baş və boyun nahiyəsinə 18 bıçaq zərbəsi endirib. Zərərçəkən aldığı bıçaq zərbələrindən sonra hadisə yerində ölüb.

Hadisə binaya quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb. M. Əsgərovun meyiti oğlu tərəfindən tapılıb.

Həmin gün şübhəli şəxsin evində axtarış aparılıb, qətldə istifadə olunan bıçaq, üzərində qan izləri olan geyim, həmçinin üzünə bağladığı şarf aşkar edilərək götürülüb. Bütün bunlara baxmayaraq, şübhəli sakit şəkildə qətl hadisəsi törətdiyini xatırlamadığını deyib.

Mənbənin yazdığına görə, M. Əsgərovun Moskvada ticarət mərkəzlərinin olduğu deyilsə də, sonradan məlum olub ki, o, Nijni Novqorodda bizneslə məşğuldur və ildə bir dəfə, nəvəsinin ad günündə paytaxta gəlir.

Cinayətin səbəbləri barədə isə hələ ki, yalnız təxmin etmək olar.

Virtualaz.org

Xəbərlər