267
Cəmiyyət 27 yanvar — 20:46

Astarada 4 narkotacir saxlanıldı

Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri ardıcıl uğurlu əməliyyat tədbirləri zamanı 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan virtualaz.org-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Şahağacı kənd sakini Oktay Quliyev narkotik vasitə heroini satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı bir büküm heroin aşkarlanaraq götürülüb.

Araşdırmalarla O.Quliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və həmin şəxsin Astaranın Şahağacı kənd sakini Emin Mikayılov olduğu məlum olub. E. Mikayılov 2 bükümdə narkotik vasitəni satarkən cinayət başında saxlanılıb və üzərindən əlavə olaraq 5 bükümdə heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq E. Mikayılovun rayonun Şahağacı kəndində yerləşən kəndindəki yaşayış evində aparılan axtarış zamanı 5 ədəd bağlamada 6 kiloqram 40 qram narkotik vasitə tiryək, bir bükümdə 70 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Astara RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə şəhər sakini G. Cəfərova 1 bükümdə psixotrop maddə metamfetamini satarkən saxlanılıb. Onun yaşadığı evdən isə əlavə olaraq 2 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırmalarla G. Cəfərovanın psixotrop maddəni Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Əliyevdən əldə etdiyi müəyyən edilib. S. Əliyev 1 bükümdə metamfetamini və 1 ədəd metadon həbini satdıqdan sonra saxlanılıb. Onun üzərindən 1 bükümdə heroin, 6 bükümdə metamfetamin, yaşadığı evdən isə 1 kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbərlər