365
Cəmiyyət 22 yanvar — 11:36

Podratçı Səlim iki azərbaycanlı fəhlənin pulunu vermədi, üstəlik onları cəzalandırmaq üçün ağlasığmaz plan qurdu

Türkiyədə inşaat şirkətinin rəhbəri Səlim Ö. ondan əmək haqlarını tələb edən və ala bilməyən azərbaycanlı işçilərini cəzalandırmaq üçün onlara tələ qurub, lakin  özü polis tərəfindən saxlanılıb.

Virtualaz.org Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib. Bu şəhərdə inşaat şirkətində çalışan azərbaycanlı Rasim H. və Yədulla A. əmək haqlarını ala bilmədiklərinə görə şirkət rəhbəri Ö. Səlimin evinə gediblər. Özü evdə olmadığından qapını həyat yoldaşı açıb. Sonra isə ərinə zəng edərək bu barədə məlumat verib. İşçilərin onun evinə gəlmələrindən qəzəblənən Səlim Ö. borclu olduğu işçiləri tutmaq üçün qəribə plan hazırlayıb.

O, İstanbulun Esenler avtovağzalına gedib, özünü polis əməkdaşı kimi təqdim edib və azərbaycanlı işçilərinin fotoşəkillərini təqdim edərək onların cinayət törətdiklərinə görə axtarışda olduqlarını bildirib. Avtovağzalda Azərbaycana gələn avtobuslara bilet satan şirkətə öz telefon nömrəsini verib ki, həmin işçiləri görsələr zəng etsinlər.

Bir müddət sonra fotoşəkillərdəki azərbaycanlılar avtovağzal ərazisində görünüblər. Şirkətin əməkdaşı isə Ö. Səlimə deyil, həqiqi polislərə zəng vurub. Hadisə yerinə gələn polis əməkdaşları hər iki şəxsi saxlayaraq idarəyə aparıblar. Araşdırma zamanı həqiqət ortaya çıxıb və özünü polis kimi təqdim edən Səlim Ö. saxlanılıb.

Polisə ifadəsində bu iki şəxs tərəfindən təhdid olunduğunu deyən Səlim Ö. onların Türkiyədən qaçmamaları üçün belə bir üsula əl atdığını və tutaraq cəzalandırmaq istidəyini deyib. Nəticədə Səlim Ö. barəsində İstanbul Prokurorluğu tərəfindən istintaq başlanılıb, “qanunsuz olaraq özünü dövlət qulluqçusu kimi qələmə vermə” maddəsilə cinayət işi açılıb. 3 ilə qədər cəza istənilən inşaat şirkətinin rəhbəri yaxın günlərdə hakim qarşısına çıxacaq.

G.Əliyeva

Virtualaz.org

Xəbərlər