383
Cəmiyyət 11 dekabr — 16:14

Generalın qohumunun qətlində ittiham olunan gəncin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində gənclər arasında ölümlə nəticələnən kütləvi davaya görə həbs edilənlər – 27 yaşlı Həmid Babaverdiyev, həmyaşıdı Rüfət Bünyadzadə və 25 yaşlı Cahandar Cavadlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, məhkəmənin hazırlıq iclası dekabrın 25-nə kimi təxirə salınıb.

Qətl hadisəsi bu il avqustun 31-də baş verib. Hadisəni törətməkdə şübhəli bilinən H.Babaverdiyev, C.Cavadlı və R.Bünyadzadə saxlanılıblar.

Cinayətin baş verməsinin ilkin səbəbi tərəflərin avtomobildə olarkən bir-birlərinə yol verməməsi olub. H.Babaverdiyev avtomobillə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü Fərid Məmmədzadədən ona yol verməsini istəyib. Bununla bağlı tərəflər arasında mübahisə yaranıb. Mübahisə qanla sonuclanıb. Belə ki, əlbəyaxa dava zamanı H.Babaverdiyev F.Məmmədzadəni ürək nahiyəsindən bıçaqlayıb.

Törətdiyi əmələ görə H.Babaverdiyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

C.Cavadlı və R.Bünyadzadə isə xuliqanlıqda təqsirli bilinirlər.

Qeyd edək ki, qətlə yetirilən F.Məmmədzadə Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qayınının oğludur.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər