2292
Cəmiyyət 29 noyabr — 17:36

Əli Həsənov da işdən azad edildi

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da vəzifəsindən azad edilib. Prezidentin bu barədə sərəncamında deyilir:

-Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilsin.

Qeyd edək ki, Prezident Administrasiyasının yeni strukturuna əsasən 1995-ci ildə yaradılmış ictimai-siyasi məsələlər üzrə şöbə tamamilə ləğv edilib. Ləğv edilmiş şöbənin səlahiyyətlərinin bir qismi yeni yaradılmış siyasi partiyalar, QHT-lər və qanunvericilik hakimiyyəti məsələləri şöbəsinə həvalə edilib. Hansı ki, həmin vəzifəyə mədəniyyət nazirinin keçmiş müavini Ədalət Vəliyev təyin olunub.

Ləğv edilmiş şöbəyə 24 il ərzində YAP-ın funksionerlərindən biri Əli Həsənov rəhbərlik edirdi. Prezidentin sərəncamına əsasən isə Əli Həsənov həm prezidentin köməkçisi, həm ictimai-siyasi məsələlər üzrə şöbənin müdiri vəzifəsindən azad edilib.

Xatırladaq ki, İlham Əliyev son çıxışlarında ideoloji işə cavabdeh olan dövlət orqanlarını tənqid etmişdi. İdeoloji işə isə məhz Əli Həsənovun şöbəsi rəhbərlik edirdi.

 

 

Xəbərlər