169
Cəmiyyət 13 noyabr — 15:43

Qida məhsullarının idxalının elektronlaşmasına start verildi

“Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda əsas məqsəd və hədəflərə nail olmaq üçün 12 prioritet istiqamət müəyyənləşdirilib. Bunlardan biri də qida təhlükəsizliyi sahəsində müasir texnologiyaların və innovativ həllərin tətbiqidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən virtualaz.org-a verilən məlumata görə, hazırda qida təhlükəsizliyi üzrə vahid elektron informasiya sisteminin yaradılması, bu sahədə elektron xidmətlərin təşkili və həmin xidmətlərin elektron hökumət portalına inteqrasiyası ilə bağlı işlər davam etdirilir. Artıq ölkəmizə qida məhsullarının idxalı ilə əlaqədar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) idxal-ixraca nəzarət modulunun alt modullarından biri olan idxal modulunun ilkin versiyası hazırlanaraq pilot layihə kimi noyabrın 4-dən Xaçmaz rayonunda istifadəyə verilib.

Sahibkarlar https://e-afsa.gov.az portalında elektron imza və ya “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə müraciət edə bilərlər. Müraciət əsasında əldə olunacaq sertifikatın ödənişləri də onlayn şəkildə həyata keçirilə bilər ki, bu zaman sahibkarlar şəxsi kabinetlərindən və “Hökümət Ödəniş Portalı”ndan istifadə etməklə ödəniş edə bilərlər.

Bununla yanaşı, hazırda AQTİS ilə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) arasında məlumat mübadiləsinin aparılması istiqamətində işlər həyata keçirilir. Belə ki, ölkəyə idxal olunan yeyinti məhsullarının dövlət sərhəd-keçid məntəqələrindən keçməsi və gömrük rəsmiləşdirilməsinin bitməsi barədə məlumat real vaxt rejimində VAİS sistemi vasitəsilə AQTİS-ə ötürüləcək. Eyni zamanda AQTİS vasitəsilə zəruri məlumatlar Dövlət Gömrük Komitəsinə göndəriləcək. Bu da sahibkarlıq subyektlərinin işini xeyli asanlaşdıracaq və əlavə vaxt itkisini aradan qaldıracaq.

İlin sonunadək yeni sistemin respublika üzrə tam tətbiqi nəzərdə tutulub.

Xəbərlər