510
Cəmiyyət 22 oktyabr — 16:14

Dələduzluqda ittiham olunan şirkət rəhbəri məhkəmədə ifadə vermədi

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara ipoteka ilə ev almağa kömək edəcəyini vəd edib, daha sonra onları aldatmaqda ittiham olunan 35 yaşlı Aydın İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təkif edilib. A.İsmayılov hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildirib. Onun ifadə vermək istəməməsi zərərçəkmişlərin narazılığına səbəb olub. Onlar bildiriblər ki, artıq üçüncü dəfədir ifadə verməyən A.İsmayılov prosesi uzatmaqda maraqlıdır.

Daha sonra A.İsmayılov vəsatət verərək vəkilindən imtina etdiyini, özünü özü müdafiə edəcəyini deyib. A.İsmayılovun digər vəsatəti məhkəmə protokolları ilə tanış olması barədə olub. Hakim bildirib ki, qanunvericiliyin tələbinə uyğun olaraq protokollarla tanış olmaq və qeydlər vermək hüququ məhkəmə prosesi bitdikdən üç gün sonra həyata keçirilə bilər.

A.İsmayılov çıxış üçün məhkəmədən iki həftə vaxt istəyib. Bu isə növbəti dəfə zərərçəkmişlərin narazılığına səbəb olub.

Zərərçəkmişlər bildiriblər ki, o, prosesi uzatmaqla onlara daha çox ziyan vurur: "Pulumuzu vermişik bu adama, özümüz isə kirayələrdə sürünürük. Mənim uşağıma dərman almağa pulum yoxdur".

Məhkəmə prosesi 31 oktyabrda davam edəcək.

İttihama görə, Aydın İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında “feysbuk” sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu "SN qrup" MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib. Həmin elanla əlaqədar ona müraciət edən ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında yalandan sərfəli faizlə ipoteka krediti verəcəyini bildirib. Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib.

Təqsirləndirilən A.İsmayılov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) və 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham edilir. O daha əvvəl də dələduzluğa görə həbs cəzası alıb. 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Aydın İsmayılov vaxtından əvvəl, 2017-ci ildə azadlığa çıxıb.

Virtualaz.org

Xəbərlər