226
Cəmiyyət 17 oktyabr — 13:28

Peterburqda 29 yaşlı azərbaycanlı biznesmeni oğurlayıb öldürənlər məhkəmə önündə

Sankt-Peterburqdakı məşhur ticarət mərkəzindən oğurlanaraq meşəyə aparılan, orada vəhşicəsinə döyülən, aldığı xəsarətlərdən xəstəxanada ölən 29 yaşlı azərbaycanlı biznesmenin qətlində təqsirli bilinən altı nəfərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Rusiyanın “Fontanka.ru” nəşrinin yaydığı məlumata görə, cinayət işi üzrə materiallar araşdırılması üçün məhkəməyə göndərilib. Yaxın günlərdə iş adamın qətlində əli olanlar hakim önünə çıxarılacaqlar. Müttəhimlər kürsüsündə əyləşənlərə Cinayət Məcəlləsinin soyğunçuluq, adam oğurluğu, odlu silahla təhdid etmə, qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə ittiham irəli sürülüb.

Biznesmenin oğurluğunda şübhəli bilinən şəxslərdən biri ötən ilin yayında saxlanılıb. Cinayət hadisəsi isə həmin ilin yanvarında – Yeni il bayramı ərəfəsində baş verib. Məşhur ticarət mərkəzi “Monpanse”də bir neçə nəfər 29 yaşlı azərbaycanlını döyərək zorla yaşıl rəngli “Hunday”ın yük yerinə basıb aparıblar. Onu meşə zolağına gətiriblər, maşının yük yerindən çıxarıblar və yenidən bitayla döyməyə başlayıblar. Huşsuz halda meşəyə ataraq gediblər.

Ölümcül vəziyyətdə döyülən iş adamını yoldan keçənlər taparaq xəstəxanaya çatdırıblar. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Aldığı xəsarətlərdən ertəsi gün xəstəxanada ölüb.

Çox keçməyib ki, polislər biznesmenin oğurlanmasında və döyülməsində şübhəli bilinən beş nəfəri həbs edib. Onların arasında 24 yaşlı qadın da olub. İş adamını həmin qadının avtomobili ilə meşəyə gətiriblər. İstintaqın versiyasına görə, qadının mərhumla işgüzar əlaqələri olub.

Həbs edilənlər biri, Heydərov soyadlı şəxs qəssab işləyib.

İstintaq yolu ilə həmçinin müəyyən edilib ki, təqsirləndirilənlər gecələr şəhərdə soyğunçuluqla məşğul olublar. Onlar ticarət mərkəzi ərazisində törətdikləri üç epizod üzrə də təqsirli bilinirlər. Həmçinin, Vıborqsk rayonunda sürücünü silahla hədələyərək avtomaşınını zorla əlindən aldıqları da məlum olub.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər