187
Cəmiyyət 10 oktyabr — 12:50

"Aşıqlar" kafesində qətl törədənlərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə baş verən kütləvi davada qətl törətməkdə və xuliqanlıqda təqsirləndirilən Elçin Nəcəfov və Xaliq Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror E.Nəcəfovun 20 il, X.Mustafayevin isə 4 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.

Hökmə əsasən Elçin Nəcəfov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələrlə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib.

X.Musatafayev isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 10-da Biləcəri qəsəbəsi ərazisində "Aşıqlar" kafesinin həyətində baş verib. Naməlum şəxslər Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb. C.Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən paytaxt sakini E.Nəcəfov və Babək rayon sakini, əvvəllər məhkum olunmuş X.Mustafayev saxlanılıblar.

Məlumata görə davaya səbəb mərhumun dostları ilə gəldiyi kafenin giriş hissəsində dayanması olub. Onlar bununla da gediş-gəlişə mane olublar.

E.Nəcəfov və X.Mustafayev buna görə həmin müştərilərə irad bildiriblər və tərəflər arasında mübahisə başlayıb. Kütləvi davada Cavid Həmzəyev döyülərək öldürülüb, digər şəxslər isə xəsarət alıb.

İstintaq orqanı tərəfindən E.Nəcəfov və X.Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Xəbərlər