198
Cəmiyyət 11 sentyabr — 14:11

Beş nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Sumqayıt şəhərində beş nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 1977-ci il təvəllüdlü İlham Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

İlham Həsənov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

İlham Həsənovun idarə etdiyi "İVEKO" markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü İlham Qasımovun idarə etdiyi “Mersedes” markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobil toqquşub.

“Mersedes” markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyevin hadisə yerində ölmələri, yük avtomobilinin sürücüsünün isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaqla hadisənin İlham Həsənov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də tutularaq istintaqa cəlb edilib.

Virtualaz.org

Xəbərlər