807
Cəmiyyət 24 avqust — 17:15

“Attestat ala bilmir, amma bir də görürsən əlində xarici diplom gəldi...”

Azərbaycandan savadlı gənclərin dövlət hesabına nüfuzlu xarici universitetlərdə təhsil alması üçün dövlət proqramı (2007-2015) artıq 4 ildir başa çatıb, yeni proqram isə ortaya çıxmayıb. 

Virtualaz.org xəbər verir ki, ictimaiyyət nümayəndələri bu məqsədlə yeni dövlət proqramının qəbul edilməli olduğunu vaxtaşırı olaraq gündəmə gətirirlər. Xüsusən də iqtisadiyyatda yenidən dirçəlişin müşahidə olunduğu, valyuta ehtiyatlarının rekord həddə artdığı və neft gəlirləri azalsa da ölkəyə qazdan yeni iri gəlirlərin daxil olacağının gözlənildiyi bir vaxtda.

Təkliflərə görə xarici universitetlərdə xüsusən də də tibb, iqtisadiyyat, kənd təsərrüfatı və ekologiya sahələri üzrə kadrların hazırlanmasına ehtiyac var.

Hazırda Hökumətlərarası Təqaüd Proqramları, eləcə də Gənclər Fondunun dəstəyi ilə xarici ölkələrə təhsil almaq üçün gedənlər var, amma bu hüquqdan  əsasən magistr və doktorantlar yararlana bilirlər. 

Kadrlara ehtiyac var...

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hələ də bəzi ixtisaslar üzrə kadrlara ehtiyac var, buna görə proqramın davam etdirilməsi üçün təkliflər səsləndirilir.  Ötən Dövlət Proqramı çərçivəsində 3500-dən çox gənc xarici ölkələrdə təhsil alıb, əksəriyyət də ixtisaslı kadr kimi işlə təmin edilib. 

Hazırda  40 minə yaxın tələbə xarici ölkələrdə təhsil alır, onlardan 15 mini Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna və  Gürcüstandadır. K.Əsədov deyir ki, bu rəqəm hələ xarici universitetlərdə savadlı kadrların yetişməsi demək deyil. Çünki buraxılış və qəbul imtahanlarından sonra yetərli bal toplamadığından ali məktəbə qəbul ola bilməyənlər də xarici ölkələrə üz tutur, sonra xaricdə təhsil almış kimi geri dönür: “Əksəriyyət Türkiyə universitetlərini seçir. Təsəvvür edin ki, orta məktəbi bitirib atestat ala bilməyənlər ali təhsil diplomu ilə gəlirlər. Belələrinin sayı kifayət qədərdir”. 

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsində 164 mindən çox insan təhsil alır.  Amma təəssüf ki, universitetlərin  heç biri dünya reytinq cədvəlində yoxdur: “Hesab edirəm ki, gənclərin xarici ölkələrdə təhsili gələcəkdə ölkəmizə rəqabətədavamlı kadrların qayıtması ilə nəticələnə və ölkənin inkişafına müsbət təsir göstərə bilər”.

Gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı yekunlaşandan sonra da xarici dövlətlər və onların universitetləri tərəfindən azərbaycanlı tələbələrin cəlbi prosesi başlayıb. Bu, iki ölkə arasında bağlanmış müqavilələr əsasında tənzimlənir. K.Əsədov hesab edir ki, hər bir universitetin beynəlxalq reytinqinə orda təhsil alan xarici ölkə vətəndaşlarının sayı ciddi təsir götərir. 

İstedadlı gənclər aldadılır 

Birinci Dövlət Proqramı çərçivəsində təhsil alan və proqramın davam etdirilməsinin tərəfdarları hesab edirlər ki,  xüsusilə istedadlı gənclərin xaricdə təhsilini maliyyələşdirmək lazımdır. Çünki eyni zamanda bir neçə nüfuzlu universitetləri qazanan gənclər təhsil ala bilmək üçün özəl şirkətlərə, iş adamlarına üz tutmaq məcburiyyətində qalırlar. Bəzi hallarda aldanırlar, təhsil almaq istəkləri boşa çıxır.

Təhsil Nazirliyindən isə virtualaz.org-a bildiriblər ki, Azərbaycan  vətəndaşlarının xaricdə dövlət hesabına təhsili nazirlik tərəfindən iki istiqamətdə idarə olunur. Birincisi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, ikincisi  Hökumətlərarası Təqaüd Proqramlarıdır. Birinci proqram çərçivəsində təhsil üçün ayrılmış təqaüd yerlərinin sayı 3558 olub. 2015-ci ildən etibarən proqramın icra müddəti başa çatıb və həmin proqrama sonuncu sənəd qəbulu aparılıb.

İkinci proqram çərçivəsində isə xaricdə təhsili digər ölkələrin, məsələn, Macarıstan, Çin Xalq Respublikası, Latviya, Rumıniya, Qazaxıstanın Azərbaycan vətəndaşları üçün və ya qarşılıqlı olaraq ayrılan təqaüd yerləri üzrə həyata keçirilir. Hər tədris ilində bu xətlə təhsil üçün Təhsil Nazirliyi müsabiqə həyata keçirir. Hazırda bu xətlə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 500-dən çoxdur. Proqram çərçivəsində xaricdə təhsil almaq hüququ qazananların ən çox təhsil aldıqları ölkə Macarıstan, Çin və Ruminıyadır.

Prezident başqa Dövlət Proqramı da təsdiqləyib...

Nazirlikdən əlavə ediblər ki, müxtəlif ölkələr tərəfindən Azərbaycan vətəndaşları üçün ayrı-ayrı təqaüd proqramları (qeyri dövlət xətti) barədə elanlar verilir. Eyni zamanda, prezidentin 16 noyabr, 2018-ci il tarixli, 711 nömrəli sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. 

Proqram çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sözügedən Dövlət Proqramının digər normativ sənədləri ilə yanaşı, xaricdə doktorantura təhsilinin həyata keçirilməsi üçün seçim və ödəniş qaydalarının müvafiq qaydada təsdiqi istiqamətində Təhsil Nazirliyi tərəfindən iş aparılır.

Prezidentin 29.08.2018-ci il tarixli, 253 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən, gənclərin xarici ölkələrin nüfüzlu ali təhsil müəssisələrində təhsili, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakı üçün maliyyə vəsaitinin ayrılması fond tərəfindən həyata keçirilir. 

Beləliklə, məlum olur ki, dövlət hesabına xaricdə təhsil üçün yeni proqram üzərində iş getmir, bu məsələ hökumət üçün hələlik aktual deyil. Savadlı kadrlara ehtiyac isə xüsusən də kənd təsərrüfatı və tibb sahəsində getdikcə artacaq...

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər