273
Cəmiyyət 17 iyul — 11:43

Sərinləmək istəyi niyə bəzən faciə ilə nəticələnir?

Hər il olduğu kimi, bu il də çimərlik mövsümü başlayandan suda boğulma, yaxud sərinləmək istəyi ilə hovuzda üzərkən xəsarət alma halları çoxalıb. İyulun əvvəlindən indiyədək az qala hər gün 2-3 nəfər dənizdə boğulur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, dənizdə boğulma ilə bağlı təcili tibbi yardıma 18 müraciət daxil olub. Onlardan 7-si xəstəxanaya yerləşdirilib, 5 nəfərə yerində yardım edilib, 6 nəfər həkimə qədər ölüb.

Qeyd edək ki, dünən-iyulun 16-da Ələt qəsəbəsi ərazisində 15 yaşlı qız boğulub, onu xilas etməyə çalışan 70 yaşlı baba da ölüb. Bilgəhdə isə 2 gün əvvəl boğulan 1 nəfərin meyiti tapılıb. Dünən boğulma təhlükəsi ilə üzləşən daha 6 nəfər xilas edilib. Onların arasında turistlər də var.

Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı Cəmil İskəndərov isə deyir ki, hər il yay aylarında çimərlik mövsümü ilə əlaqədar boyun travmaları artır. Bir çoxları çaya, dənizə, hovuza başı üzərindən tullanır. “Yay mövsümündə məhz bu səbəbdən yaranan travmalarla həkimə müraciət edənlərin sayı çoxalır. Bu günlərdə bu səbəbdən travma alan növbəti xəstəni əməliyyat etmişik. Onurğa beyni tam zədələnmədiyindən və erkən dövrdə əməliyyat olunduğundan, xəstə normal həyatına dönə bildi. Amma təəssüf ki, həmişə belə nəticə almaq olmur. Ani əyləncə naminə ağır boyun travması yaşana bilər. İnsan ömürlük yataqda qala və ya əlil arabasında həyatını davam etdirməyə məcbur ola bilər. Bu cür tullanış peşəkar olmayanlar üçün yol verilməzdir”,-həkim bildirib.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər