510
Cəmiyyət 11 iyul — 18:04

Səhiyyə Nazirliyi Ağciyər Xəstəlikləri İnstitutunda baş vermiş hadisə barədə

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Sabirabad rayon sakini 31 yaşlı Sahil Kərimova tibbi yardım göstərilməməsi ilə bağlı bu günlərdə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a deyiblər ki, məsələ ilə bağlı araşdırma aparılıb. Sahil Kərimov hazırda institutda müalicəsini davam etdirir. Onun atası Kərim Kərimov da izahat yazaraq övladına vaxtında tibbi yardım göstərildiyini qeyd edib, eləcə də anası həkimlərdən razılığını bildirib.

İnstitutun II Pulmonologiya şöbəsinin həkim-pulmonoloqu Günay Əliyeva isə virtualaz.org-a deyib ki, S.Kərimov iyulun 10-da günorta saatlarında valideynləri tərəfindən gətirilib. “Sahil valideynləri ilə birgə rayondan taksi ilə gəlib. Xəstəxanaya qalxarkən özünü pis hiss edib və pilləkənlərdə uzanıb. Foto da həmin vaxt orada olan biri tərəfindən çəkilib. Sahil həm də ruhi xəstədir, valideynlərinin köməyi ilə hərəkət edir. Mən növbətçi olduğumdan təcili olaraq kiçik tibb işçilərinə araba gətizdirdim, xəstə arabaya oturdulub, növbətçi həkimin otağına aparıldı. Xəstə hərtərəfli müayinə olundu, ona sağ tərəfli pnevmoplevrit empiema diaqnozu qoyuldu”, - həkim deyib.

G.Əliyevanın sözlərinə görə, xəstə “Döş qəfəsi cərrahiyəsi” şöbəsinə yerləşdirilib. S.Kərimovdan dünən təxminən 1 litrə yaxın, bu gün isə ondan bir qədər az irin çəkilib. Qızdırması düşüb, nəfəs alması asanlaşıb. Xəstənin anamnezində ruhi xəstəlik olduğundan, suallara cavab vermədiyi üçün anası yanında qalıb: “Növbə zamanı xəstəyə bir neçə dəfə baxış keçirmişəm. Xəstənin vəziyyəti orta-ağır stabildir”.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər