248
Cəmiyyət 12 iyun — 17:56

Külli miqdarda pulu leqallaşdırmaqda ittiham olunanlara hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmaqda ittiham olunan “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub.

Hökmə görə, Rüfət Vəliyev 15, Malik Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında hər iki şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. M.Əliyev eyni cinayət əməlinə görə 2016-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edildiyi üçün, əvvəlki cəzası qismən toplanmaqla cəza təyin edilib.

İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib.

A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına, ardınca isə xarici valyutaya konversiya edilərək başqa ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazıb çap edərək M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri imzaladıqdan və şirkətlərin möhürü ilə təsdiqlədikdən sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıblar.

Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Virtualaz.org

Xəbərlər