3173
Cəmiyyət 2 iyun — 21:25

Hacı Muradın qalıqları Azərbaycandan oğurlandı və... Dağıstanda dəfn edildi

Şayx Şamilin naibi Hacı Muradın güman edilən qalıqları Azərbaycandan çıxarılaraq, bu gün – iyunun 2-də onun vətənində - Xunzax rayonunda dəfn edilib. Virtualaz.org xəbər verir ki, bu barədə “Molodyoj Dagestana” qəzetinə mərasimin şahidi Əmir Əmirov məlumat verib.

Nəşrin müxbiri ilə söhbət zamanı Ə.Əmirov Xunzax kəndinin məscidində olub və naibin qalıqlarının dəfnindən öncə cənazə namazına hazırlaşırmış. Mərasimdən öncə yenidən dəfnolunmanın məqsədəuyğunluğu barədə müzakirələr aparılıb. Mərasim qeyri-formal xarakter daşıyıb.

“Müxtəlif ziddiyyətli fikirlər vardı, lakin iştirakçılar razılığa gəliblər və yenidən dəfnə hazırlaşırlar. Heç kim rəsmi çıxış etməyib və qalıqların Hacı Murada aid olması barədə sübutlar göstərməyib. Hər şey deyilən sözlərin həqiqətə uyğun olmasına inanaraq edilir”, - Əmirov deyib.

Xunxaz rayonunun administrasiyasında dəfn edilmiş qalıqların Hacı Murada aidiyyatı təsdiqlənməyib.

“Xunzax kəndinin qəbiristanlığında hansısa mərasim keçirilib, lakin dəfn edilmiş qalıqların naib Hacı Murada aid olmasını sübut edən heç nə yoxdur. Rayonun rəsmi şəxslərindən orada heç kim iştirak etməyib. Həmçinin dəfni həyata keçirən adamların kim olması məlum deyil”, - rayon administrasiyasının mətbuat katibi Kamil Hüseynov deyib.

*   *   *10:40

XIX əsrin ortalarında Qafqaz müharibəsində dağlıların liderlərindən biri olmuş Hacı Muradın nəşinin yenidən dəfn edilməsi ətrafında qeyri-müəyyənlik davam edir. Virtualaz.org-a məlum olduğuna görə, ictimai fəallar Azərbaycanın Qax rayonunun Tanqıt kəndində onun qəbrinin sinə daşının söküldüyünün şahidi olublar.

Qeyd edək ki, daha öncə Rusiyanın bəzi kütləvi informasiya vasitələri bu gün, iyunun 2-də Hacı Muradın qalıqlarının onun doğma kəndində - Dağıstanın Xunzax kəndində yenidən dəfn ediləcəyini yazmışdılar. Bu zaman rusiyalı jurnalistlər dəfn üzrə təşkilat komitəsinin sədri Məhəmməd Əmirxanova istinad edirdilər.

Lakin sonradan elə həmin nəşrlər Xunzax rayonunun başçısının müavini Şamil Əliyevə və administrasiyanın mətbuat katibi Kamil Hüseynova istinad edərək naibin qalıqlarının Dağıstanda yenidən dəfn ediləcəyi ilə bağlı məlumatı təkzib etmişdilər.

“Mən bilmirəm, bir nəfəri də xəbərdar etmədən onlar dəfn mərasimini necə keçirmək istəyirlər”, - Şamil Əliyev “Regnum” agentliyinə bildirmişdi.

Hazırda Qax Rayon İcra Hakimiyyəti Hacı Muradın qəbrinə müdaxilə haqqında məlumatı araşdırır. İş burasındadır ki, Qafqaz müharibəsinin qəhrəmanının qalıqlarının eksqumasiyasına heç kim rəsmi icazə verməyib.

Xəbərlər