177
Cəmiyyət 15 may — 13:07

Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı ittiham olunanlara hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı həbs olunanlar - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə ittiham olunan Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə görə, Məhəmməd Məmmədov ömürlük, Telman Məmmədhəsənov 4 il, Mahir Abdullayev 3 il 6 ay, Afət Məmmədova isə 5 il müddətinə azadlıqdan məhrum edilib. A.Məmmədova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib və şərti cəza verilib.

İttihama görə, Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 6 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

Məhkəmə prosesləri zamanı isə M.Məmmədov ona elan olunan ittihamlarla razılaşmayıb. İfadəsində istintaq zamanı təzyiqlərə məruz qaldığını deyib.

Qeyd edək ki, yanğın nəticəsində mərkəzdə müalicə alan 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Virtualaz.org

Xəbərlər