721
Cəmiyyət 11 may — 11:50

Azərbaycan ortoped və travmatoloqlarının III qurultayı keçirilir

Hər il dünyada 5 milyon insan yol nəqliyyat qəzalarında ölür. Qəzalar nəticəsində əlilliyin yaranması hazırda ən böyük problemlərdən biridir.

Virtualaz.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov Azərbaycan ortoped və travmatoloqlarının III qurultayında deyib.

İ.Qasımov bildirib ki, qurultayda travma və əlilliyin aradan qaldırılması sahəsində dünyada tətbiq edilən son nailiyyətlər müzakirə edilir. "Qurultayda Rusiya, Türkiyə, İsrail və Azərbaycanın bölgələrindən gələn 300-dən çox mütəxəssis iştirak edir. Biz təcrübələrimizi bölüşürük. Azərbaycan ortoped və travmatoloqlarının qurultayı hər 3 ildən bir keçirilir"-Qasımov əlavə edib.

Qurultayda yeni texnologiyalar, travmatologiya sahəsində son yeniliklər müzakirə olunur, protokollar tərtib edilir: "Travmotologiya sahəsində son nailiyyətlər təcrübə aparmaq zəruriyyəti yaradır".

Qurultayda travmatologiya, oynaq artroplastikası, əl cərrahiyyəsi də daxil olmaqla 10-dan çox məsələ müzakirə olunur.

Direktor əlavə edib ki, hər il bütün dünyada təxminən 5 milyon insan yol qəzalarında dünyasını dəyişir. "Azərbaycanda da hər gün yol qəzaları baş verir. Qəzalar nəticəsində əlillərin sayı artır. Qəzalar ciddi əlilliyə səbəb olur. Ona görə də təhlükəsizlik məsələsi çox önəmlidir. Travmatoloqların qarşısında insanların səhhətinin bərpası kimi mühüm vəzifə dayanır", -baş mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, yol qəzaları ilə yanaşı istehsalat qəzaları nəticəsində əlilliyin yaranması da hazırda problemə çevrilib. "30 il əvvəl tikinti bu qədər geniş vüsət almamışdı. Bakı inkişaf edir, gözəlləşir. Amma istehsalat qəzaları nəticəsində əlillik də artır. Hündürlükdən yıxılma, alətlərdən istifadə zamanı xəsarətlər əlilliklə nəticələnir. Bunun qarşısını almaq üçün təhlükəsizliyə riayət edilməsinə diqqət yetirilməlidir.

İ.Qasımov yerli kadr hazırlığı ilə bağlı virtuala.org-un sualına da cavab verib. Bildirib ki, yerli kadr hazırlığı dövlətin diqqətində olan məsələdir. 10 ildən artıqdır Azərbaycanda kadr hazırlığı istiqamətində iş aparılır. Xaricə göndərilən tələbələr təhsillərini tamamlayıb mütəxəssis kimi geri dönürlər. "Mütəxəssislərimiz daima öz üzərlərində çalışır, xaricdə treninq və konfranslarda iştirak edirlər. Çünki bu elə bir sahədir ki, yeniliklər daima öyrənilməlidir. Hazırda Azərbaycanda kifayət qədər yaxşı travmatoloq və ortopedlər var".

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər