326
Cəmiyyət 26 Aprel 2019, 12:34

Sevdiyi qızı öldürüb, anasını güllələyən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və adam öldürməyə cəhddə ittiham olunan Bakı şəhər sakini Sabir Qədimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək S.Qədimovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun anası isə cəza ilə razılaşmayaraq, təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini istəyib.

S.Qədimov son sözündə əməlindən peşman olduğunu deyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən S.Qədimov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, cinayət hadisəsi Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.

İlkin məlumata görə, Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib. Amma məhkəmədə məlum olub ki, Sabir Qədimov mərhumun evinə elçi kimi yox, Aytənlə mübahisə etməyə gəlibmiş.

Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.

S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub.

Virtualaz.org

Xəbərlər