448
Cəmiyyət 23 aprel — 17:46

Hüseyn Abdullayev və anasının məhkəməsində 22 şahid dindirildi

Bakı Hərbi Məhkəməsində 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, Abdullayevlərlə birgə məhkəmə qarşısına daha 7 nəfər – Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev çıxarılıb. Adları çəkilən şəxslər arasında sərhədçilər də var.

Prosesdə 22 nəfər şahid dindirilib. Onların əksəriyyəti Dövlət Sərhəd Xidmətinin əməkdaşları olub. Şahidlər təqsirləndirilən Hüseyn Abdullayevi tanımadıqlarını deyiblər və ibtidai istintaqa verdiklərini ifadələrini təsdiqləyiblər.

Məhkəmə prosesi aprelin 25-də davam edəcək.

Xatırladaq ki, Almaniyada sığınacaq almış H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan "Araz-İnşaat” ASC ilə bağlı araşdırma aprılıb, səhmdarlara yalan məlumat verilməklə, 1 milyon 374 min manatlıq gəlir mənimsənilib.

İstintaq materiallarında qeyd edilib ki, “Araz-İnşaat” ASC-nin səhmlərinin 99,03 faizi H. Abdullayevin anası Zeynəb Abdullayevaya məxsusdur. “Araz İNC” MMC-nin təsisçisi H. Abdullayevin atası Abbas Abdullayev, faktiki idarəçi isə sabiq deputatın özü olub.

İttihama görə, Z.Abdullayevanın ölkədən çıxışına qadağa olmasına baxmayaraq, o, bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdıb.

Cinayət məsuliyyətinə cəlb olunanlar arasında sərhədçilərlə yanaşı, Z.Abdullayevanı maşınla sərhəd məntəqəsinə aparmış N.Əliyev də var.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

H.Abdullayev özünü təqsirli bilmir və siyasi sifarişlə həbs olunduğunu deyir.

Virtualaz.org

Xəbərlər