2111
Cəmiyyət 17 aprel — 17:45

"Təzəpir" məscidi ətrafında tikinti: qədim hamam dağıdıldı

Bakıdakı “Təzəpir” məscidi ətrafında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqları ortaya çıxıb.

Virtualaz.org xəbər verir ki,  qədim tikilinin qalıqları ekskavatorların tırtılları altında qalaraq dağılıb.

Əməkdaşlarımız hadisə yerində olublar və xəbər veriblər ki, həmin qazıntı işləri “Təzəpir” məscidinin düz arxasında, Mustafa Sübhi küçəsində, məscidin böyüdülməsi layihəsi çərçivəsində aparılır. Tikinti işlərinin sifarişçisi Qafqaz Müsəlmanları İdarəsidir, iş icraçısı isə “Archico” MMC adlı şirkətdir. Şirkətin işçisi müxbirlərimizin suallarına cavab vermək istəməyib, bütün sualları məscidə ünvanlanmağı məsləhət görüb.

Layihəyə əsasən məscidə əlavə iki minarə, kitabxana və qazanxana binaları tikiləcək, habelə ətrafı hasarlanacaq. Hazırda tikintiyə başlamaq üçün podratçı şirkət özül qazma işləri həyata keçirir. Və özül qazılarkən yerin altından qədim hamamın qalıqları çıxıb, amma onun qorunması üçün heç bir tədbir görülməyib və qazıntı işləri davam etməkdədir.

“Təzəpir” məscidinin nümayəndəsi Məhəmməd Qasımov əməkdaşlarımıza deyib ki, həmin hamam tarixi abidə filan deyil. Nisbətən təzə hamamdır, sovet dövründə tikilib. Amma nədən sovet dövründə tikilmiş hamamın hazırda yerin altından çıxdığı barədə suala cavab verə bilməyib.

Məscid nümayəndəsi ilə söhbətdən belə məlum olub ki, özül qazılarkən ortaya çıxan hamam qalıqları barədə nə Mədəniyyət Nazirliyinə, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər müvafiq orqanlara məlumat verilməyib. Ümumiyyətlə, podratçı şirkət heç nə olmamış kimi işi davam etdirir.

Mövzunu diqqətdə saxlayacağıq.

G.Əliyeva

İ.Rafiqqızı

Virtualaz.org

Xəbərlər