272
Cəmiyyət 16 aprel — 11:19

Döyüldükdən sonra xəstəxanaya çatdırılan 9 yaşlı məktəbli sığınacağa yerləşdirildi

Paytaxtın Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbdə vəziyyəti pisləşdiyindən xəstəxanaya aparılan 9 yaşlı 3-cü sinif şagirdi Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Atası tərəfindən döyülən məktəblinin xüsusilə ayaqlarında qançır izləri var, aldığı xəsarətlərdən sonra yeriməkdə çətinlik çəkir.

Bu barədə virtualaz.org-a birliyin rəhbəri Kəmalə Ağazadə bildirib. Ağazadə deyib ki, dünən gecə xəstəxanadan sığınacağa gətirilən uşaq qorxu içindədir, psixoloji durumu pisdir. “158 saylı orta məktəbdə fəaliyyət göstərən ASAN könüllüləri uşağın yeriməkdə çətinlik çəkdiyini görüb və bu barədə direktoru məlumatlandırıblar. Uşağın bədənində xəsarət izi aşkarlandığından dərhal təcili tibbi yardım çağırılıb, ərazi polis idarəsinə müraciət edilib. Faktla bağlı araşdırmaya başlanıb, uşaq və anasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hər ikisini sığınacağa yerləşdiriblər”, - Ağazadə əlavə edib.

Birlik rəhbəri əlavə edib ki, uşağın ayağı sarğıdadır, buna görə də, bir neçə gün dərsə getməyəcək: “Araşdırmanın nəticələrindən sonra azyaşlı ilə bağlı qərar veriləcək”.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər