2125
Cəmiyyət 10 aprel — 14:54

“Qaçqınkom”un sədri: “Yataqxanada baş vermiş və iki nəfərin öldüyü yanğın qəsdən törədilib”

Baş nazirin müavini Əli Əhmədov "Azərsutikinti" xəstəxanasında məskunlaşan məcburi köçkünlərin müvəqqəti olaraq evlərlə təmin olunması üçün göstəriş verib.

Baş nazirin müavini bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevvə Nizami Rayon İcra Hakimiyyətinin başçısına tapşırıq verib.

Qeyd edilib ki, yanğından zərər çəkən məcburi köçkünlər müvəqqəti evlərlə təmin olunacaq.

*   *   *14:19

Baş nazirin müavini Əli Əhmədov yanğın baş verən əraziyə - məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusunun qarşısına gəlib.

O, yanğın baş verən binanın içərisinə baxış keçirib.

*   *   *13:56

Martın 6-da Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğının qəsdən törədildiyi müəyyən edilib.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanan yataqxanada sakinlərlə görüşü zamanı deyib. O bildirib ki, bu fakt istintaq zamanı ortaya çıxıb: “Ekspertiza keçirilib, məlum olub ki, həmin yataqxanada yanğın qəsdən törədilib. Hazırda faktla bağlı araşdırma aparılır”.

Xatırladaq ki, həmin yanğın zamanı Laçından olan məcburi köçkün 1958-ci il təvəllüdlü Surxay Əliyev və həyat yoldaşı Elza Əliyeva vəfat etmişdi.

*   *   *13:13

Virtualaz.org-un əməkdaşlarının hadisə yerindən verdikləri məlumata görə, hadisə yerinə gəlmiş “Qaçqılnkom”un sədri Rövşən Rzayev sakinlərlə görüşündə deyib:

“Mən komitədə işlədiyim 11 ay ərzində 10 min nəfərlə şəxsən görüşmüşəm. Bütün məcburi köçkünlərin problemləri dinlənilib. Bir qədər səbrli olun, hamınıza köməklik olunacaq”.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov da yanğın baş verən binaya gəlib, vəziyyətlə tanış olub.

*   *   *13:08

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın baş vermiş əraziyə gəlib.

Hazırda Rövşən Rzayev sakinlərlə görüş keçirir. O bildirib ki, bütün məcburi köçkünlər mərhələli şəkildə köçürüləcək. Lakin əvvəlcə binaya ekspertiza təyin olunmalıdır.

Virtualaz.org-un əməkdaşları hadisə yerindən xəbər verirlər ki, yanğında xəsarət almış 34 yaşlı kişi toksikologiya şöbəsinə yerləşdirilib. Əlavə bir kişiyə də yerində yardım göstərilib.

*   *   *12:39

Yanğın baş vermiş binada yaşayan məcburi köçkün Nəzakət Abdıyeva virtualaz.org-un əməkdaşlarına bildirib ki, dünən də binada yanğın hadisəsi baş verib.

Binaya baxış keçirilib və sakinlərin özlərini yanğın törətməkdə ittiham edərək. Binaya gələn elektrik xətti ayrılıb.

Sakin deyir ki. bu gün səhər saat 9-dan yolu bağlasalar da, hələ heç kim gəlib onların vəziyyəti ilə maraqlanmayıb.

*   *   *12:33

Əməkdaşlarımız hadisə yerindən xəbər verir ki, Bakının Babək prospektində yerləşən, 22-a yaxın ailənin məskunlaşdığı yataqxana binasında baş vermiş yanğının ilkin səbəbi elektrik xətlərinin qısaqapanması ola bilər. Çünki sakinlər deyirlər ki, bu binada elektrik xətləri həddən artıq yüklənir, yararsız vəziyyətdədir, tez-tez qısaqapanmalar olurdu və elektrik cihazları sıradan çıxırdı.

Yanğınsöndürənlər alovun böyüməsinin qarşısını alıblar və hazırda yanğın söndürülüb. Lakin sakinlər əşyalarının və qaldıqları otaqların yararsız hala düşməsindən narazıdırlar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Binada əsasən Füzuli və Ağdam rayonundan olan məcburi köçkünlər məskunlaşıb.

Sakinlər hadisə yerinə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin məsul şəxslərinin gəlməsini tələb edirlər.

*   *   *11:53

Hazırda paytaxtın Babək prospektində “Azərsutikinti”nin yataqxanasında yanğın başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, 2 təcili yardım briqadası hadisə yerindədir. 45 yaşlı bina sakini qorxudan özünü 5-ci mərtəbədən atıb. Onu 3 saylı şəhər xəstəxanasına yerləşdiriblər.

Zərərçəkənlərin artacağı istisna edilmir.

Ü.Xudiyeva

G.Əliyeva

Virtualaz.org

Xəbərlər