429
Cəmiyyət 15 mart — 16:08

Bakıda “Bayram qatarı” açıldı

Bakının Nəsimi rayonu, “28 May” metro stansiyasının yaxınlığında Novruz bayramı ilə əlaqədar satış yarmarkası fəaliyyətə başlayır. Artıq kiçik yaşıl köşklər qurulub, yarmarkada son tamamlanma işləri gedir. Ərazidə çalışanların virtualaz.org-a bildirdiyinə görə, bu gündən etibarən ziyarətçilərin üzünə açıq olacaq yarmarka Azərbaycan Dəmir Yolları QSC tərəfindən təşkil olunur. Onların sözlərinə görə, alıcılar buradan həm əl işləri, həm də, müxtəlif qida məhsullarını daha münasib qiymətə əldə edə biləcəklər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova virtualaz.org-a yarmarkanın xeyriyyə məqsədi daşıdığını dedi: “Bakıda Novruz bayramı ilə əlaqədar təşkil olunan "Bayram qatarı" adlı yarmarka xeyriyyə məqsədi daşıyır. Cəfər Cabbarlı meydanına gələcək ziyarətçilər DJ-lərin müşayiəti ilə həm müxtəlif istehlak məhsullarını almaq imkanı qazanacaqlar, həm də növbənöv təamların dadına baxa biləcəklər. İlk yarmarkada toplanan vəsait "Nərgiz" fondunun hesabına köçürüləcək”.

S.Qədirova həmçinin qeyd etdi ki, "Bayram qatarı" yarmarkası bundan sonra ənənəvi olaraq təşkil olunacaq. Növbəti yarmarkalar sentyabrın 1-dən oktyabrın 1-ə qədər və dekabrın 1-dən yanvarın 1-ə qədər keçiriləcək.

Novruz yarmarkası martın 15-dən aprelin 15-dək davam edəcək.

G. Əliyeva

Ü. Xudiyeva

Virtualaz.org

Xəbərlər