1415
Cəmiyyət 9 mart — 17:00

Məhkəmə Bakı ginekoloqunu ciddi səhvə görə cəzalandırdı

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə Bakı şəhər sakini, 33 yaşlı Gülçin Nəsib qızı Aslanovanın həkim-ginekoloq Aytən Səfərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə iddiasına baxılıb.

Məhkəmə hesab edib ki, G.Aslanovanın sağlamlığına məhz Aytən Səfərovanın icra etdiyi cərrahiyyə əməliyyatı zamanı ziyan dəyib.

Virtualaz.org bu yaxınlarda zərərçəkmiş Gülçin Aslanovanın şikayətini işıqlandırmışdı. G.Aslanova bildirmişdi ki, ötən ilin mayında “Caspian İnternational Hospital”da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirib. Cərrahiyyə əməliyyatı zamanı həkim onun sidik kisəsini deşib, lakin xəsarəti gizlədib. “Güclü ağrılarım vardı, qarnım şişmişdi. Səfərova məni təkrar müayinə etdi və bağırsaq keçməzliyi diaqnozu qoydu. Halbuki ilk gündən sidik kisəsini deşdiyini bilirmiş, sadəcə, vaxtı uzatmaq və beləliklə də, məsuliyyətdən yayınmaq istəyib”, -G.Aslanova baş verənləri danışıb.

G.Aslanova qeysəriyyə əməliyyatından sonra daha 2 əməliyyat keçirib, onun qarnından 10 litrdən çox maye çıxarılıb. Aldığı psixoloji travma nəticəsində körpəyə qulluq edə bilməyib.

Şikayətçi əlavə edib ki, üstəlik, A.Səfərova ilə bağlı dedikləri saytda işıq üzü görəndən sonra həkimin yaxınları tərəfindən ona və həyat yoldaşına müxtəlif təzyiqlər göstərməyə çalışıblar. “Mən yalnız həkimin səhvini etiraf etməsini istəyirdim. Çünki Aytən Səfərova hər gün yerli telekanallarda reklam edilir, ekspert qismində şou-proqramlara dəvət olunur. İnsanların reklamlara aldanmamasını istəyirəm. Heç kimə mənim yaşadığım dəhşətli ağrıları yaşamasını arzulamıram”, -G.Aslanova söyləyib.

Məhkənin qərarı ilə A.Səfərova iddiaçıya 7 min 108 manat 67 qəpik, eləcə də mənəvi zərər kimi 200 manat ödəməlidir. Ayrıca şikayətçinin Aytən Səfərovanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə verdiyi digər iddiasına da baxılıb və məhkəmə işin yenidən araşdırılmasına qərar verib.

İşə Səbail Rayon Prokurorluğunda baxılacaq.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər