269
Cəmiyyət 11 fevral — 16:39

325 min manatlıq dələduzluq etmiş şəxsə 8 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ə.Əbdüləziz 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror Ə.Əbdüləzizin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd "TIR" tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ. Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçir. A.Qazıyev Ə.Əbdüləzizi İ. Həsənovla tanış edib.

Virtualaz.org

Xəbərlər