2301
Cəmiyyət 11 fevral — 14:54

Azərbaycanda inanılmaz əməliyyat: Vasif Qubuşova süni ürək qoyuldu

Fevralın 3-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində 55 yaşlı Qubuşov Vasif İslam oğluna süni ürək köçürülüb.

Virtualaz.org xəbər verir ki, əməliyyatı ürək-damar cərrahı Anar Əmrah icra edib. Həkim jurnalistlərə açıqlamasında bildirib ki, xəstəyə çəkisi 140 qram olan dünyanın ən kiçik süni ürəyi köçürülüb: "4 saata yaxın davam edən əməliyyat uğurla başa çatdı. Xəstə buna qədər Rusiya, Türkiyə və daha bir neçə ölkədə müalicə olunub. Bir dəfə ağır infarkt keçirib. Mərkəzimizə müraciət edərkən vəziyyəti o qədər ağır idi ki, ölüm təhlükəsi vardı. Buna görə də, təcili olaraq bazar günü əməliyyata almağa məcbur olduq", - həkim deyib.

A.Əmrah onu da əlavə edib ki, süni ürək mexaniki pompadır. O, xəstənin vəziyyətinə uyğun olaraq dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahi yolla yerləşdirilir və dünyada minlərlə ürək çatışmazlığı olan xəstələrə rahat yaşamaq üçün yeni ümidlər verir: "Xəstə daim həkim nəzarətində olmalıdır. Ömür boyu qan durulaşdırıcı dərmanlar qəbul etməlidir. Cihazın batareyaları 12-24 saatdan bir dəyişdirilməli, yəni elektrik cihazına qoşulmalıdır. Cihazın 4 batareyası var. Xəstə növbə ilə onlara cərəyan yükləməlidir. Cihaz suya və zərbəyə davamlıdır. Xəstə bu cihazla qaça, idman edə və velosiped sürə bilər".

Xəstə Vasif Qubuşov isə bura gəlməzdən əvvəl nəfəs almaqda çətinlik çəkdiyini deyib: "İnfarkdan sonra dünyanın müxtəlif ölkələrindəki bir çox xəstəxanalarda müalicə almışam. Amma müalicə müvəqqətidir. Əməliyyata qədər həyatdan ümidimi üzmüşdüm. Lakin öz vətənimdə əməliyyat olunmağa razılaşdım ki, həkim nəzarətində ola bilim. Hazırda özümü çox yaxşı hiss edirəm. Nəfəs almaqda çətinlik çəkmirəm".

Əməliyyat xarici ölkələrdə 100 min dollardan baha başa gəlir. Azərbaycanda isə dəfələrlə ucuzdur.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər