581
Cəmiyyət 5 dekabr — 16:00

Məşhur “kubinkalı” qadın narkobaronun məhkəməsi: “Telefonu girov qoyub “kakos” aldım”

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışında ittiham olunan 35 yaşlı Bakı şəhər sakini Şəms Səmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində təqsirləndirilən şəxsin qonşusu Mirzə Səfərov dindirilib. O, əvvəllər psixotrop maddələr qəbul etdiyini desə də, heç vaxt Ş.Səmədovadan narkotik vasitə almadığını bildirib. Həmçinin, Səmsə müəyyən qədər borcu olduğunu, əlavə olaraq 10 manat pul istədiyini deyib: "Şəms borcumu qaytarmasam pul verməyəcəyini dedi. Buna görə də, telefonumu girov qoyub, borc pul götürdüm. İstintaqda da ifadə vermişəm. Şəmsin narkotik maddə satmasından mənim xəbərim olmayıb".

Şahidin məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğu üzə çıxıb. Onun istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib.

Şahid M.Səfərov istintaqa verdiyi ifadəsində Ş.Səmədova ilə qonşu olduğunu, onu narkotik alverçisi kimi tanıdığını bildirib: “Üç aydır narkotik maddə olan heroin (kakos) istifadə edirəm. Şəmsdən əvvəllər üç-dörd dəfə bükümü 10 manata heroin almışam. Axırıncı dəfə mayın 17-də saat 12 radələrində “kakos” almaq üçün Şəmsin yaşadığı ünvana gəldim. Cibimdə cəmi 6 manat pul var idi. Şəms “kakos”un 10 manat olduğunu dedi və satmaq istəmədi. Telefonumu girov qoymağı, 4 manat borcumu ödədikdən sonra götürə biləcəyimi dedi. Razılaşdım. Mənə bir büküm “kakos” verdi. Bir neçə gündən sonra polis əməkdaşları zəng vurub məni idarəyə çağırdılar. Orada məlum oldu ki, Şəms saxlanılarkən onun evindən götürülən telefonların içərisində mənim telefonum da olub. Polis əməkdaşlarına 4 manatım çatmadığı üçün telefonu girov qoyduğumu etiraf etdim”.

M.Səfərov istintaqdakı ifadəsini qismən təsdiq edib. Təqsirləndirilən Şəms Səmədova heç vaxt qonşusuna narkotik vasitə, heroin satmadığını, Mirzənin ona borcu olduğu üçün telefon verdiyinu deyib.

Qeyd edək ki, Ş.Səmədova ona elan olunan ittihamlarla razılaşmayıb, sözügedən cinayət işi üzrə özünü təqsirli bilməyib.

Məhkəmə prosesi dekabrın 19-da davam edəcək.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları bu il mayın 18-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Kubinka" adlanan yerdə 30 ildən artıqdır yaşayan ailənin narkotik kartelinə əl qoyublar.

Üç uşaq anası olan Şəms Səmədova əməliyyat zamanı həbs edilib. O, əvvəllər də eyni ittihama görə məhkumluq həyatı yaşayıb. S.Səmədovanın bacısı 32 yaşlı Lamiyə Quliyeva da eyni ittihamla həbs olunub. Onun barəsindəki cinayət işi ayrıca icraata verilib.

Bacılar marixuana, heroin, “kokos” (kokain), metamfetamin, “spays” qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar. “Kubinka”nın hər bir sakini bacıların nə işlə məşğul olduğunu bilib. Lakin bu bacı qruplaşmasını zərərsizləşdirmək elə də asan olmayıb.

Məlumat üçün qeyd edək ki, Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər