1410
Cəmiyyət 8 noyabr — 15:26

“Shopping Lady” 500 min funt sterlinq ödədi, həbsdən çıxdı

Az əvvəl London Yüksək Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın işinə baxıb. Virtualaz.org Britaniya KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə onun 500 min funt sterlinq girov ödəyərək həbsdən buraxılmasına razılıq verib. Beləliklə, xanım Hacıyeva Azərbaycana ekstradisiyası barədə gələn ilin iyun ayına təyin edilmiş məhkəmə prosesinə qədər Londondakı malikanəsində ev dustağı kimi qala bilər.

Bununla belə hakim Ceremi Beyker xanım Hacıyevanın girov əvəzində həbsdən buraxılması üçün bir sıra şərtlər qoyub. Bu şərtlərə görə o, 500 min funt sterlinqi dərhal ödəməli, M25 avtomagistralının hüdudlarından xaricə çıxmamalı və hər hansı beynəlxalq turizm mərkəzlərinə baş çəkməməlidir. Habelə Zamirə Hacıyeva elektron qolbaq daşımalı, Londondakı polis məntəqəsinə hər gün məlumat verməli, axşam saat 9-dan səhər saat 6-ya qədər ümumiyyətlə küçəyə çıxmamalı və komendant saatına əməl etməlidir.

*   *   *14:36

Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı, Londonun ən bahalı univermaqlarından olan “Harrods”da 16 milyon funt sterlinq xəcləyərək az qala dünyanın ən bədxərc qadını kimi məşhurlaşan Zamirə Hacıyeva Qərb mətbuatında yeni ləqəblə anılır. Virtualaz.org xəbər verir ki, İtaliyanın “Corriera della Sera” qəzeti xanım Hacıyevanı “Lady Shopping” adlandırıb.

Qəzet xatırladır ki, ötən həftə Zamirə Hacıyeva Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılıb. Bu sorğu Hacıyevanın ərinin rəhbərliyi dövründə Azərbaycan Beynəlxalq Bankından milyonlarla dollar mənimsəməsi ittihamları ilə bağlıdır. Həmin cinayət işi üzrə Hacıyeva bir neçə il əvvəl beynəlxalq axtarışa verilmişdi.

Üstəlik Böyük Britaniya hakimiyyəti də çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın bu ölkədəki on milyonlarla dollarlıq akivlərinə həbs qoyub. Əgər xanım Hacıyeva həmin pulların qanuni yollarla qazanıldığını məhkəmədə sübut edə bilməsə aktivlər müsadirə olunacaq.

Z.Hacıyevanın ekstradisiyasına dair məhkəmə prosesi gələn ilin iyun ayına təyin edilib. Ötən həftə məhkəmənin çıxardığı qərara əsasən Hacıyeva həmin vaxta qədər həbsdə qalmalıdır. Vəkillər onun 500 min funt sterlinq girov əvəzində ev dustaqlığına buraxılması haqda vəsadət qaldırıb, amma prokurorlar buna qarşı çıxıblar.

“Frans press” agentliyinin xəbərində deyilir ki, Z.Hacıyevanın vəkilləri onun girov əvəzində ev dustaqlığına buraxılmaması barədə qərardan şikayət verib. Həmin şikayətə bu gün noyabrın 8-də yuxarı instansiyada-London Yüksək Məhkəməsində baxılacaq. Bu haqda Krallıq Prokurorluq Xidməti (CPS) bildirib.

Vestminister magistrat məhkəməsi əvvəlcə qərara alıb ki, Z.Hacıyevanı 500 min funt sterlinq girov əvəzində ev dustaqlığına buraxmaq olar. Lakin prokurorlar dərhal qərardan protest veriblər. Prokurorlar bunu Z.Hacıyevanın şəxsi təyyarəsinin olması və Londondan uçub getməsi riski ilə əsaslandırıblar.

“Lady Shopping”in barəsində hansı qərarın çıxarıldığı haqda gün ərzində oxucuları məlumatlandıracağıq.

Virtualaz.org

Xəbərlər