1397
Cəmiyyət 11 oktyabr — 14:25

Azərbaycanlı memarın layihəsi Türkiyədə mübahisələrə səbəb oldu

Türkiyənin Trabzon şəhərində azərbaycanlı memar Aysel Hüseynova tərəfindən hazırlanmış Trabzon Dövlət Teatrının yeni layihəsi bir neçə gündür ki, Türkiyə mətbuatında müzakirələrə səbəb olub. 

Virtualaz.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, Trabzon Ticarət və Sənaye Odasının (TTSO) sifarişi ilə hazırlanan binanın eskizlərinin sosial şəbəkədə paylaşılmasından sonra layihə birmənalı qarşılanmayıb. İzləyicilər bunun teatr binasına uyğun olmadığını, daha çox dini məbəd üçün yaradığını yazıblar.

Məsələyə Trabzon Memarlar Odasının şöbə müdiri Gürol Ustaöməroğlu da münasibət bildirib. O, mətbuata verdiyi açıqlamada binanın memarlıq tərəflərindən danışmaq istəmədiyini, layihə üçün sifariş formasının düzgün olmadığını qeyd edib. Onun sözlərinə görə, əslində layihə ilə bağlı müsabiqə elan olunmalı və müsabiqədə yerli memarlar öz layihələrini təqdim etməli idilər: “Biz Trabzonda bələdiyyə binası, mədəniyyət mərkəzi, xəstəxana kimi böyük ictimai əhəmiyyəti olan layihələrin yenə memarlıq müsabiqələri ilə həyata keçirilməsinə inanırıq. Buradan belə bir məsələ ortaya çıxır, bu şəhərdə memarlığı ürəkdən sevən, memarlığı bir sənət kimi görən hər memarın belə vacib layihələrə qatılma haqqı vardır. Bunun yeganə yolu isə regional və ya milli layihə müsabiqələrindən keçir”.

G. Ustaöməroğlu həmçinin azərbaycanlı memarın belə layihə təqdim etməsini ondan məhz bunun tələb olunması ilə izah edib: “Azərbaycanlı memarı çox yaxşı tanıyıram. Yaxın dostluğumuz da var. Öz sahəsində peşəkar insandır. Amma görünür ki, ondan nə tələb edilirsə, onu da edib”, - deyə memar bildirib.

Lakin TTSO-nun bu seçimini mükəmməl hesab edənlər də var. Onlar bunu son illər Trabzonda yerli memarlar tərəfindən gözəgəlimli bir layihənin ortaya çıxmaması ilə əlaqələndirirlər.

Yerli KİV-in yazdığına görə, memar əvvəlcə başqa layihə hazırlasa da, sonradan ona müəyyən iradlar olduğuna görə dəyişdirmək məcburiyyətində qalıb: “Aysel Hüseynovanın teatr binasının akustik planlaması mövzusunda dünyada bir nömrəli memar olduğu deyilir. Buna görə də, teatr binasının layihəsini kimə çəkdirmək məsələsi ortaya çıxınca, A. Hüseynovanın adı gündəmə gəlib. O, köhnə teatrın demək olar ki, eynisini yaradıb. Lakin iddiaya görə, kimlər tərəfindənsə bəyənilməyib və ona görə də tanınmış memar öz layihəsinə əl gəzdirməli olub. Onun əvvəlki layihəsi ilə dəyişiklikdən sonrakı layihəsi arasında tək oxşarlıq ön görünüşlə bağlıdır”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, memar Aysel Hüseynova tanınmış memar Ramiz Hüseynovun qızıdır. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dəsr deyir. Bakıda bir sıra memarlıq və dizayn layihələrinin müəllifidir.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər