924
Cəmiyyət 11 oktyabr — 12:41

Bakıda şagird məktəbdə özünü öldürmək istədi

Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 302 saylı tam orta məktəbdə 3-cü sinif şagirdi özünü öldürməyə cəhd edib.

Məktəbdən virtualaz.org-a bildiriblər ki, tənəffüs zamanı, səhər saat 08:48-də şagird (adı açıqlanmır) məktəb binasının 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. “Şagirdin davamiyyəti yaxşı deyil. Ötən tədris ilindən dərsə davamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır”, - deyə məktəbdən bildiriblər.

Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Uşağın babası məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib. Məhz ata bundan sonra uşaqlarını məktəbdən yayındırmaq istəyib, baba isə nəvələrinin oxuması üçün məktəb rəhbərliyindən kömək istəyib. Məktəb rəhbərliyi şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəbin psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunublar.

Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər.

Qeyd edək ki, yeni dərs ili başlayandan məktəblərdə bəzi neqativ hadisələr qeydə alınır və əksər hallarda buna məhz valideyn səhlənkarlığı, məsuliyyətsizliyi səbəb olur. Nəticədə həm məktəbdə dərs prosesi pozulur, həm də digər valideynlər arasında təşviş yaranır.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər