3732
Bu gün 17 aprel — 14:54

Zakir Həsənovun səfəri: İran Azərbaycanı maraqlandıra biləcək hansı silahları istehsal edir...

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov İranda səfərdədir və bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə danışıqlar keçirib. Bu danışıqların detalları əlbətdə ki, məlum deyil. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanla İran arasında hərbi sahədə tərəfdaşlıq həmişə həssas sahə olub.

Bu əməkdaşlıq ötən əsrin 90-cı illərinin əvvəllərində İran hərbi təlimatçılarının Azərbaycan ordusunun yeni formalaşdırılan birliklərinə təlim keçməsi ilə başlayıb və qeyd etmək lazımdır ki, həmin əməkdaşlıq barədə ziddiyətli məqamlar hələ də müzakirə olunmaqdadır. İran generalları , məsələn, istefada olan Mənsur Həqiqətpur hərdən o vaxtlar Azərbaycana göstərilən hərbi dəstəyin Bakı üçün nə dərəcədə həlledici olması barədə səs-küylü bəyanatlar verir, Bakıdan isə hər dəfə deputat Siyavuş Novruzov onun cavabını sərt üslubda verib Həqiqətpuru erməni agenti adlandırır.

Sonradan Azərbaycanın İranla hərbi-texniki sahədə əməkdalığı davam etdirdiyi və bəzi silahlar, o cümlədən reaktiv yaylım atəşi sistemləri aldığı məlumdur. Lakin daha sonra Azərbaycan öz ordusunu silahlandırmaq üçün dünyanın ən qabaqcıl hərbi sənayesinə malik olan ölkələrlə-İsrail və Rusiya ilə işləməyə üstünlük verdi. İran hərbi sənayesi Azərbaycan üçün o qədər də cəlbedici görünə bilməzdi, çünki bu ölkə güclü beynəlxalq sanksiyaların təsiri altında öz sənayesinə, o cümlədən hərbi sənayeyə müasir texnologiyaları cəlb edə bilməyib.

Bununla belə indi Azərbaycanla İran arasında hərbi sahədə tərəfdaşlıq məsələsi yenidən aktuallaşıb. Səbəb isə belə görünür ki, Azərbaycanın öz ordusunu yaxın mənzilli ballistik raketlərlə təchiz etmək üçün son illər göstərdiyi səylərdir. Məlum olduğu kimi Azərbaycan bu sahədə Pakistanla danışıqlar aparmaqdadır. Hələlik raket təchizatına dair müqavilənin imzalanması barədə rəsmi məlumat yoxdur. Ancaq prezident İlham Əliyev bu günlərdə bəyan edib ki, ötən ilin aprel döyüşlərindən sonra Azərbaycan böyük dağıdıcı gücə malik dəqiq silahların alınması üçün yeni müqavilələr bağlayıb, həmin müqavilələr üzrə silahların bir qismi artıq çatdırılıb. “Biz onları lazım olanda nümayiş etdirəcəyik”-prezident deyib.

Pakistan mənbələri isə yazmışdı ki, Azərbaycan bu ölkədən təkcə ballistik raketlər almaqda yox, həmin raketlərin istehsalı üçün birgə müəssisənin yaradılmasında maraqlıdır. Pakistan isə daha çox hazır silahlar satmaq istəyir.

Bu baxımdan Azərbaycan müdafiə nazirinin İrana səfəri əlbətdə ki, maraq doğurmalıdır. Çünki İran hərbi sənayesinin ən qabaqcıl sahəsi məhz ballistik raketlərin istehsalıdır. Azərbaycan müdafiə naziri Tehranda İranın hərbi nailiyyətlər sərgisində olub və orada ona br sıra silah nümunələri təqdim ediblər. Hansı nümunələrdən söhbət getdiyi isə göstərilmir. Lakin istisna deyil ki, Azərbaycan tərəfini İranın hərbi sənayesinin məhz raket istehsalı sahəsi maraqlandırır. Çünki qalan silah növləri üzrə Azərbaycanın silahlı qüvvələrinin ehtiyacları hazırda yüksək səviyyədə təmin olunub, olunmaqdadır.

İranda isə ballistik raketlər sahəsində bir sıra qabaqcıl müəssisələr fəaliyyət göstərir. Bu müəssisələrdə orta mənzilli ballistik raketlər, operativ-taktiki raketlər istehsal olunur. Onlar bir qayda olaraq Çin, Şimali Koreya və sovet raket nümunələrinin əsasında hazırlanır, ancaq İran raket texnologiyaları sahəsində son illər əhəmiyyətli irəliləyiş əldə edə bilib. İranın ballistik raket istehsal edən qabaqcıl müəssisələri “Şəhid Himmət” və “Şəhid Baqeri” sənaye qruplarıdır. Bunlardan Shahid Hemmat Industries Group – SHIG müxtəlif tipli ballistik və operativ-taktiki raketlər istehsal edir. Bu raketlər maye yanacaqla işləyən mühərriklərlə təchiz olunurdu. (“Şəhab-1”, “Şəhab-2”, “Şəhab-3” və s.) Lakin son illər İran həmin raketləri bərk yanacaq mühərrikləri ilə təchiz edir ki, bu da Tehranın ballistik raketlər sahəsində xeyli irəlilədiyini göstərir. Hərbi ekspertlər qeyd edirlər ki, İran raket sənayesi sahəsində hazırda Yaxın Şərqin ən iri və müasir ölkələri səviyyəsinə qalxıb.

Ancaq bir məsələ var ki, bu yaxınlarda İranın Azərbaycana ballistik raket satmaqdan imtina etdiyi haqda açıqlamalar verilmişdi. İndi Tehranın bu sahədə Azərbaycanla əməkdaşlığa nə dərəcədə hazır olduğu məlum deyil. İran hərbi sənayesinin qalan məhsullarına gəldikdə isə Azərbaycan çətin ki, onlara maraq göstərsin...

F.Məmmədov

Virtualaz.org

Xəbərlər