2069
Bu gün 4 Sentyabr 2016, 18:32

Bakıda toya hazırlaşan oğlan qəzada atası ilə birgə öldü

Ötən gecə Bakı şəhərinin Zığ qəsəbəsində dəhşətli yol qəzasında vəfat edən 24 yaşlı Sahib Rzayevin nişanlı olduğu məlum olub.

Yaxınlarının lent.az-a verdiyi məlumata görə, bu ayın 20-də onun qız, 25-də isə oğlan toyu olacaqmış və ailəsi artıq hazırlığa da başlayıbmış.

S.Rzayev bu gecə atasının idarə etdiyi "QazEL"in "KamAZ"a çırpılması nəticəsində atası Pirican Rzayev və xalası oğlu, həm də yeznəsi olan Elşad Qəhrəmanovla birgə vəfat edib. Onlar bu gün dəfn edilib.

*   *   *11:05

Bu gecə paytaxtın Suraxanı rayonunda “QazEL” və “KamAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində ağır yol-nəqliyyat qəza hadisəsi baş verib. Dəhşətli qəzada bir ailədən 3 nəfər həyatını itirib.

Lent.az-ın məlumatına görə, yük maşınlarının toqquşması nəticəsində, "QazEL"in sürücüsü, 1955-ci il təvəllüdlü Rzayev Pirican Əlif oğlu və sərnişinləri, sürücünün oğlu - 1992-ci il təvəllüdlü Rzayev Sahib Pirican oğlu ilə sürücünün yeznəsi, 1976-cı il təvəllüdlü Qəhrəmanov Elşad Qəni oğlu vəfat edib. "QazEL"in kuzasında olan Qədirov Tacəddin Mehralı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bildirilir ki, qəzaya düşən ailə kiçik sahibkarlıqla məşğul olurmuş və maşınla cücə daşıyırmış. Gecə saatlarında Zığ qəsəbəsində kubiklə dolu "KamAZ" yoxuşa çıxa bilmədiyindən yolun hərəkət hissəsində dayanıb. Nəticədə arxadan gələn "QazEL" həmin yük maşınına çırpılıb. "KamAZ"dakı kubiklər "QazEL"in üstünə tökülüb və maşının qarşı tərəfində oturaq halda vəfat edən şəxslərin cəsədlərini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb edilib.

Əməliyyat saat 04:51-də başa çatıb.

Xəbərlər