1447
Bu gün 3 Sentyabr 2016, 18:33

İlham Əliyev Salyanda yeni körpünün açılışında iştirak edib

Bu gün Salyanın "Babazənan" yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən, Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpü istifadəyə verilib.

Azərbaycan prezidenti İlham Əliyev körpünün açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısına körpünün texniki göstəriciləri barədə məlumat verilib.

Prezident körpünün rəmzi açılışını bildirən lenti kəsib.

*   *   *17:34

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərini başa çatdıraraq Salyan rayonuna gəlib.

Dövlət başçısı əvvəlcə Salyan şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov abidənin ətrafında və rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

*   *   *14:00

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verildi.

Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

*   *   *13:34

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, bu müalicə ocağında ən müasir tibb avadanlığı quraşdırılıb.

Azərbaycan Prezidenti xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

*   *   *13:30

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə Biləsuvar şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında və rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

*   *   *13:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, muzeyin inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2016-cı ilin iyulunda başa çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə inşaat işlərinin həyata keçirilməsi üçün 2 milyon manat vəsait ayrılıb. Bina üç mərtəbədən ibarətdir. Burada 5 ekspozisiya zalı, fond və iş otaqları, ideoloji mərkəz, rəsm qalereyası fəaliyyət göstərir.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.

*   *   *12:52

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanılıb. Bu məqsədlə Viləşçay su anbarının aşağı byefində sutəmizləyici qurğu inşa edilib, 5 min kubmetr tutumu olan su anbarı tikilib. Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basıb.

*   *   *11:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını edib.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verilib ki, Bayaq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib.

Muzeydə isə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.

Xəbərlər