2060
Bu gün 16 mart — 23:34

Bakının mərkəzindəki yanğında bir nəfər öldü, iki nəfər yaralandı

Yanğın Nəriman Nərimanov küçəsindəki beş otaqlı evdə qeydə alınıb. Hadisə zamanı evdə 75 yaşlı Quliyeva Səriyyə Kərim qızı və onun həyat yoldaşı Balağa Quliyev olub. Balağa Quliyevi yaralı vəziyyətdə xilas etmək mümkün olsa da, Səriyyə Quliyeva yanğında dünyasını dəyişib. Gözləri görməyən ahıl qadının tüstüdən boğulduğu ehtimal olunur.

Balağa və Səriyyə Quliyevlərin oğlu Hacıağa Quliyev evlərində baş verən yanğın barədə xəbəri işdə alıb. O, dərhal hadisə yerinə gəlib və içəridə qalan anasını xilas etmək ümidi ilə özünü alovun içərisinə atıb. Nəticədə Hacıağa Quliyev yanıq xəsarətləri alıb. O və atası Balağa Quliyev Respublika Yanıq Mərkəzinə çatdırılıblar.

Yanğın baş verən əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb. Yanğınsöndürən-xilasedicilər 75 yaşlı Səriyyə Quliyevanın meyitini çıxarıblar.

Evində yanğın baş verən ailənin yaxınları bildiriblər ki, martın 16-sı səhər saatlarında əraziyə təbii qazın verilişi dayandırılıb və axşam saatlarında bərpa edilib. Bundan xəbəri olmayan və qaz avadanlıqlarını açıq qoyan ahıl ər-arvadın evində qəfildən yanğın başlayıb.

Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev APA-ya açıqlamasında bildirib ki, əvvəlcədən elan edildiyi kimi, martın 16-da bir neçə rayonun, o cümlədən, Bakının Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olub. Diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə saat 10:00-dan əvvəlcədən edilmiş xəbərdarlığa uyğun olaraq, təbii qazın verilişi dayandırılıb: “Qazın verilməsi saat 17.00-da bərpa edilib. Yanğın isə bundan 2-3 saat sonra baş verib. Hazırda müvafiq qurumlar yanğının səbəbləri ilə bağlı araşdırma aparır. Hadisənin qazla bağlı səbəblərdən baş verib-vermədiyini indidən demək olmaz”.

Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin istintaq şöbəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

*   *   *22:16

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın 4 evi əhatə edib. Həmin evlərdən 2-si daha çox zərər görüb.

Mənbənin əldə etdiyi məlumata görə, yanğın nəticəsində Səriyyə Quliyeva adlı bir qadın həyatını itirib. Onun həyat yoldaşı Balaxan Quliyev və oğlu isə yanıq xəsarətləri alıblar.

*   *   *20:34

Bu dəqiqələrdə keçmiş Sovetski küçəsinin ərazisində — M.Əliyev küçəsində şəxsi evlərdən biri yanır. Virtualaz.org-un müxbiri hadisə yerindən xəbər verir ki, yanğın nəticəsində ölənlər var, hazırda onların kimliyi və sayı müəyyənləşdirilir.

Yanğının aradan qaldırılması üçün FHN-in bir neçə yanğınsöndürən texnikası cəlb olunub, hadisə yerinə polis əməkdaşları gəlib.

Məlumata görə, yanğına qazla ehtiyatsız davranma səbəb olub. Xatırladaq ki, bu gün profilaktik işlərlə əlaqədar «Azəriqaz» İB Bakının bəzi yerlərinə təbii qaz verilişini dayandırmışdı. Yanğının baş verdiyi evdə qaz plitəsinin açarları açıq qalıbmış. Evlərə qaz verilişi bərpa olunarkən yanğın baş verib.

Xəbərlər