882
Bu gün 12 mart — 15:57

MTN-in adından istifadə edən dəstə üzvü apellyasiya şikayəti verib

3 milyon 400 min dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinərək Loğman Abdullayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində  keçiriləcək məhkəmə iclası martın 14-nə təyin edilib. Apellyasiya şikayətinə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, L.Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan L.Abdullayevin müdafiəçiləri apellyasiya şikayəti verib.

Qeyd edək ki, 2015-ci ilinin iyul ayının 13-də Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlunmata görə, Azərbaycanda mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Bakı şəhər sakini olan vətəndaş DİN-ə müraciət edərək özlərini MTN-in əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Faktla bağlı nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Bakı şəhərində yaşayan Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və digər şəxslərin 2015-ci il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində zərərçəkmişin idarə etdiyi avtomobilin qarşısını kəsərək onu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədilə ələ keçirdikləri öz təsdiqini tapıb.

Daha sonra cinayətkar qrupun üzvləri həmin vətəndaşı metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra guya istintaqdan yayındırmaq məqsədilə Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri külli miqdarda vəsaiti öz aralarında bölən cinayətkar dəstənin üzvləri sonradan ölkənin hüdudlarını tərk ediblər.

Vətəndaşın müraciəti əsasında qaldırılan cinayət işi rəhbərliyin nəzarətinə götürülüb və keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə dəstə üzvlərindən 5 nəfəri saxlanılıb. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər