3707
Bu gün 2 fevral — 16:56

Bank sektorunda işsizlər ordusu yarandı

Azərbaycanın bank sektoru çətin günlərini yaşayır.

Bir tərəfdən ötən il ərzində manatın iki dəfə kəskin devalvasiyaya məruz qalması bankların vəziyyətini mürəkkəbləşdirdi və onların ciddi ziyana düşməsinə səbəb oldu. O biri tərəfdən əhali dollarla götürdüyü kreditləri qaytarmaqda çətinlik çəkdiyindən problemli kreditlərin həcmi daha da artdı.

Hazırda bankların konsolidasiyası və onların lisenziyalarının geri alınması prosesi gedir. Prezident İlham Əliyev bank sektorunda vəziyyətin sağlamlaşdırılmasına dair göstərişləri verib.  Bu çərçivədə artıq bir neçə bankın (“Qafqaz İnkişaf Bankı” ASC, “Atrabank” ASC, “Gəncəbank”, “Bank of Azerbaijan”, "United Credit Bank")lisenziyası Mərkəzi Bank tərəfindən geri alınıb. O cümlədən  bu gün vaxtilə ölkənin iri banklarından olan “Texnikabank”ım barəsində belə qərar qəbul edilib.

Həmçinin bir neçə bankın birləşməsi barədə də qərar qəbul olunub və bu prosesin davam edəcəyi gözlənilir. Bank sektorunda baş verənlər həm də işsizlər ordusunun sayının artmasına gətirib çıxarır. Çünki ləğv olunan bankların əməkdaşları işsiz qalır, birləşən bankların işçiləri isə ixtisara düşür. Araşdırmalarımız göstərir ki, ümumiyyətlə ölkənin bank sektorunu ixtisarlar dalğası bürüyüb. 

Xəbər verildiyi kimi yanvarın əvvəllərində Mərkəzi Bank Bakıda valyuta dəyişmə məntəqələrinin bağlanması ilə bağlı qərar etdi. Nəticədə valyuta dəyişmə məntəqələrinin yüzlərlə işçisi, hansı ki, onlar da dolayısı ilə bank işçisi hesab olunurdu , işsiz qaldı.

Araşdırmalar isə onu deməyə əsas verir ki, ilin əvvəlindən bəri bank sektorunda minlərlə iş yeri ya bağlanıb, ya ixtisara düşüb. Bağlanan banklardan “Atrabank” ASC-nin İnsan Resursları Departamentinin direktoru Cəmilə Məmmədovanın virtualaz.org saytına verdiyi məlumata görə, bankın cəmi 200 işçisi olub. Yəni “Atrabank”-ın bağlanması 200 nəfəri işsiz qoyub.

“Gəncəbank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”ndan isə sualımıza cavab ala bilmədik. "United Credit Bank"-a zənglərimiz də cavabsız qalsa da bankın saytında işçilərin sayı barədə 2008-ci ilə olan məlumat yer alır, göstərilir ki, bankın 88 işçisi olub. “Texnikabank”da isə görünür hamı Mərkəzi Bankın bu gün açıqladığı qərarın təsiri altında idi və bankdan işçilərin sayını dəqiqləşdirmək mümkün olmadı. Ancaq sektordakı mənbələr bu bankda filiallarla birlikdə yüzlərlə işçinin işlədiyini deyir.

Fəaliyyəti dayandırılan banklarda işləyənlərin hamısının işsiz qalması bir yana, birləşən banklarda da ixtisarlar qaçılmazdır. Mərkəzi Bank hələlik “AGBank və “Dəmirbank”ın konsolidasiyası barədə qərar qəbul edib. Xəbərlərə görə daha 6 bank arasında birləşmə barədə danışıqlar gedir və onların birləşməsi əsasında iki yeni bank yaranacaq. Bu da o deməkdir ki, həmin banklarda işçilərin kəskin ixtisarı olacaq.

“Dəmirbank”ın  adının açıqlanmasını istəməyən əməkdaşından aldığımız məlumata görə, bankın 4 filialı bağlanıb və təxminən 450 işçi ixtisara düşüb:

“Əsasən yeni işə götürülənlər işdən çıxarılır. Aldığımız məlumata görə, ixtisarlar hələ davam edəcək”.  

Bankın bu gün mətbuatda yaydığı rəsmi məlumatda isə yalnız 35 işçinin ixtisara düşdüyü qeyd olunur: “Biznes proseslərin avtomatlaşdırılması həm də resurslara qənaət edilməsinə gətirib çıxarır. Bunun sayəsində işçi sayının da optimallaşdırılması mümkün olmuşdur. Sentyabr ayında Bankda çalışanların sayını ilin başlanğıcıyla müqayisə etsək, 3% (35 nəfər) azalma olduğunu görərik”.

“Dəmir bankın” birləşəcəyi “AGBank”dan isə bildirildi ki, hələlik konsolidasiyaya görə ixtisar yoxdur. Bankın biznesin inkişafı departamentinin direktoru Nicat Məmmədli virtualaz.org-a açıqlamasında ixtisarların olduğunu, amma bunun konsolidasiya qərarı ilə bağlı olmadığını deyib:“Bir müddət əvvəl müştərilər əmək haqlarını təsdiq edən sənəd göstərərək müəyyən kreditlər əldə edə bilirdi, amma indi bunun sayı azalıb. Ümumiyyətlə, həm dövlət, həm də özəl müəssisələrdə də ixtisarlar olduğuna görə kredit satışı həcmi azalıb. Ona görə də şirkətləri gəzərək bankın kredit məhsullarını satmaq üçün işə cəlb olunan əməkdaşlarla bitmiş müqavilələr yenilənməyib. Bunun dəqiq sayə barədə isə məndə heç bir məlumat yoxdur. Yəni səbəb bəzi sahələrin artıq bankın maraq dairəsində olmamasıdır”.

N.Məmmədli onu da vurğulayıb ki, bankların birləşməsi prosesi hələ ki, başlamayıb. Bu barədə yalnız ilkin razılığa gəlinib.

Bağlanan və konsolidasiya qərarı çıxarılan banklarla yanaşı digər banklarda da vəziyyət ürəkaçan deyil. Belə ki, “Unibank”ın artıq 4 – “Həzi Aslanov”, Hövsan, “Həsən Əliyev” və “Sumqayıt” filialının bağlandığı və 700-ə yaxın işçinin işdən çıxarıldığı bildirilir. Bu barədə bankın ixtisara düşən əməkdaşları məlumat verib. Əməkdaşın sözlərinə görə, işdən çıxarılanlara konpensasiya olaraq iki aylıq maaşları ödənilir. 

Məsələ ilə bağlı bankdan rəsmi mövqe öyrənmək üçün sorğu göndərdik və gün ərzində ixtisara düşən əməkdaşların sayı barədə məlumat veriləcəyi bildirilsə də heç bir informasiya verilmədi.

“Bank of Baku”da da oxşar halın müşahidə olunduğunu, bankın bir neçə filialının bağlandığını və çoxlu sayda işçinin ixtisar olunduğunu öyrənsək də bu bankdan da rəsmi mövqe almaq mümkün olmadı.

Bir neçə gün əvvəl isə “Əmrahbank”da ixtisarlar başlayıb. Bankın ixtisara düşən əməkdaşının virtualaz.org-a verdiyi məlumata görə, hər filialdan minimum 3 nəfər işdən çıxarılır: “Bankın 22 filialı var, hərəsindən minimum 3 işçi hesablasaq cəmi 60-dan çox əməkdaşın işsiz qaldığını demək olar. Eşitdiyimə görə bu hələ son deyil, ixtisar davam edəcək. İşdən çıxarılanlar isə ixtisara düşən yox, öz istəyi ilə işdən çıxan əməkdaş kimi qeydə alınır, amma çıxan işçilərə iki ayın maaşı verilir”.  

Bank sektorundakı ixtisarlar və bağlanan iş yerləri ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov bildirdi ki, onlarda nə qədər iş yerinin bağlandığı barədə dəqiq rəqəmlər yoxdur. “Bir neçə il əvvəl banklardan işçilərin sayı barədə məlumat almışdıq, məlum olmuşdu ki, bu sektorda 10 minə yaxın işçi çalışır. Son vəziyyətdən isə xəbərimiz yoxdur, banklar bizə bu barədə informasiya vermir”-Abdulov bildirdi. İcraçı direktor deyir ki, Assosiasiya bank sektorunda gedən prosesləri izləməkdədir və hələlik hansısa şərh verməkdən çəkinir.

Fatimə Kərimli

Virtualaz.org 

Xəbərlər