3389
Bu gün 9 Mart 2015, 18:03

“Hafka”nın dönüşü: müharibə davam edir...

Məşhur azərbaycanlı oliqarx, Fransanın “Lans” klubunun sahibi və “Atletiko” (Madrid) klubunun səhmdarı Hafiz Məmmədov bir  neçə gün əvvəl sensasion bəyanatla çıxış etdi.

H.Məmmədov digər azərbaycanlı oliqarxı, “Palmali” şirkətlər qrupunun sahibi, Türkiyədə gəmi tikintisi biznesinə və dəniz yükdaşımalarının bir hissəsinə nəzarət edən Mübariz Mənsimovu ona olan borclarını qaytarmağa çağırdı. H.Məmmədov bu səs-küylü bəyanatla AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra çıxış etdi.

Belə təsəvvür yaranır ki, nəinki H.Məmmədov, artıq Mübariz Mənsimov da ciddi maliyyə çətinlikləri ilə üzləşib. Bir neçə həftə əvvəl xarici KİV-lər Mənsimova məxsus gəmilərə həbs qoyulması haqda xəbərlər yaydılar. Və budur, ikinci qalmaqal - bu dəfə M.Mənsimov H.Məmmədova borcludur və qaytarmır. Söhbət 8 milyon dollarlıq borcdan gedir.

Bir sıra mənbələrdən əldə edilən məlumatlara görə, bu borc özəl təyyarənin - “Falcon” tipli reaktiv biznes-jetin alınması üçün bağlanmış müqavilə üzrə öhdəliklərdən yaranıb. M.Mənsimov təyyarəni H.Məmmədovdan alıb.

Bağlanmış müqaviləyə əsasən M.Mənsimov H.Məmmədovun 5 milyon dollarlıq kreditini, üstəgəl bu kreditə olan 4 milyon dollar faiz borcunu bağlamalı idi.

Ancaq “Palmali” Məmmədovun kredit borcunu hələ də bağlamayıb. Görünür, maliyyə böhranı baş gəmiçilik maqnatının da mövqelərinə zərbə vurub. Beləliklə, Hafiz Məmmədov bu səs-küylü bəyanatı ilə Azərbaycanın biznes çevrələrində yenidən öz sözünü dedi.

“Hafka” qayıdır” - kuluarlarda belə pıçıldadılar. Axı bir neçə ay əvvəl real olaraq “Lans” klubunu itirmək təhlükəsi qarşısında qalan nəqliyyat oliqarxının bu cür qətiyyətli hücumunu heç kim gözləmirdi.

Virtualaz.org saytının oxucularına xatırladırıq  ki, dekabrın sonlarında haqqin.az Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədovun adından “Lans”ın transfer büdcəsi üçün “Point to Point” offşor şirkəti üzərindən 2,5 milyon avronun klubun hesabına necə köçürüldüyü haqda yazmışdı.

“Lans” klubunun prezidenti Jerve Martel o vaxt xəbərdarlıq etmişdi ki, əgər 2014-cü il, dekabrın 31-nə qədər Hafiz Məmmədov klub üçün kritik məqamda bu məbləği ödəyən şəxsə - Anar Məmmədova 2,5 milyon avronu qaytarmasa, o zaman klubun səhmlərinin üçdə iki hissəsinin mülkiyyətçisi Anar olacaq.

Başqa sözlə, nəqliyyat naziri Ziya Məmmədovun oğlu vaxtilə H.Məmmədova 20 milyon avroya başa gəlmiş fransız futbol klubunun xoşbəxt sahibinə çevriləcəkdi. Özü də cəmi 2,5 milyon avroya...

Ancaq Hafiz Məmmədovun təkcə Azərbaycanda yox, Fransada da ictimai rəyi silkələrən səs-küylü bəyanatı “Point to Point” offşor şirkətinin adı altında fransız klubunu cibinə qoymağa çalışan kölgə qruplarının planlarını pozdu. Axı söhbət təkcə nepotizmdən yox, həm də cinayətdən, oliqarxın imzasının saxtalaşdırılmasından gedirdi. Bu isə Fransa polisi üçün açıq-aşkar təhqiqat predmetidir.

Və Jerve Martel yenidən “Lans”ın əsl sahibi ilə danışıqlar masası arxasına əyləşməli oldu. Yəni Hafiz Məmmədovla. Bütün tərəflər, o cümlədən Mertel özü saxta imzanı tezliklə yaddan çıxardılar. Faksmillə göndərilmiş sənəddə sanki heç saxtalaşdırma olmamışdı.

Ancaq saxtalaşdırılmış sənədin müəlliflərinin qəfil amneziyası hər halda “Lans”ı maliyyə və idman baxımından iflasdan xilas etmirdi. H.Məmmədovun, o cümlədən Azərbaycanın idman cəmiyyətinin rəhbərliyinin,- axı burada söhbət təkcə Məmmədovun  yox, həm də Azərbaycan hökumətinin reputasiyasından gedir,- “Lans”a 14 milyon avro ödəməsi üçün martın 20-nə qədər vaxtı var. Əks halda Peşəkar Klublara Nəzarət Komissiyası (DSNJ) “Lans”ı sadəcə olaraq diskvalifikasiya edəcək.

Nə qədər paradoksal olsa da söhbət təkcə ölkənin siyasi imicindən getmir - Azərbaycan dəyəri 110 milyon avro olan elit fransız futbol klubunu da itirə bilər.

Əgər H.Məmmədovun gəlişinə qədər klubun bazar dəyəri cəmi 13 milyon avro (fransız ekspertlərinin hesablamalarına əsasən) idisə, indi çoxları kluba 100 milyon avrodan çox ödəməyə hazırdır. Birincisi, H.Məmmədov özü kluba 24 milyon avro xərcləyib, o cümlədən yeni müasir stadionun tikintisi də bura daxildir.

İkincisi, “Lans” II liqadan yüksək liqaya qalxıb və uğurlu futbol komandasına çevrilib.

Bundan əlavə, “Lans” məsələsində sırf siyasi aspekt də var - Lans regionunun ictimai televiziyasının sahibi də Hafiz Məmmədovdur. Deməli, Azərbaycan fransız futbol klubunun mülkiyyətçisi hüququnu əldən buraxmaqla ağlasığmaz imic itkisinə məruz qala bilər.

Ona görə də H.Məmmədov sayılı günlər ərzində daha 14 milyon avro pul ödəməlidir. Əks halda - diskvalifikasiyadır!

Təkcə “Lans”ın taleyi yox, dünya futbolunun liderlərindən olan “Atletiko” (Madrid) klubunun rəsmi sloqanı olan “Land of Fire Azerbaijan” brendinin gələcəyi də ortaya qoyulub. Hər oyunda Azərbaycanı təbliğ edən “Atletiko” ilə müqavilə (yeri gəlmişkən, “Atletiko” Xocalı soyqırımının dünyada tanıdılmasında da fəal iştirak edib) 2015-ci ilin oktyabrında bitir. H.Məmmədov hər il bu brendə 5 milyon avro ödəyib.

Artıq dünyanın lider klublarından birinə çevrilən “Atletiko” bu il 15 milyon avro tələb etdi! (axı “Atletiko” Azərbaycanla hələ bir neçə il qabaq müqavilə bağlamışdı, onda isə maliyyə böhranı yox idi). İndi Azərbaycan və ya Hafiz Məmmədov müqaviləni uzatmaq üçün zəruri olan müvafiq ərizəni maya qədər göndərməlidir. Əgər göndərməsələr, onda Arda Turan, Fernando Torres və digər futbol ulduzları meydana artıq başqa şüarlarla çıxacaqlar. Və heç kim zəmanət verə bilməz ki, onların maykalarının sinəsində Azərbaycan brendi əvəzinə Ararat dağının təsviri olmayacaq. Axı qayda belədir ki, pulu kim ödəyirsə, şüar sifarişini də o verir!

Lakin Azərbaycanın təbliğat-təşviqat maşınının Qərbdəki problemləri təkcə “Atletiko” və “Lans”la da bitmir. Əsası hələ 1889-cu ildə qoyulmuş ən qədim Britaniya futbol klublarından birinin - “Şeffild Uensdey”in gələcəyi də müəmmalı olaraq qalır. Hafiz Məmmədov bu klubu hələ ötən il sözün əsl mənasında bircə saatın içində satın almışdı. Bu da azmış kimi britaniyalıların milli sərvəti və milli qürur mənbəyi olan “Şeffild”in həm prezidenti, həm də İdarə Heyətinin sədri olmuşdu.

Ən maraqlısı odur ki, britaniyalılar kluba sahiblənmək hüququnu H.Məmmədova bir növ avans kimi vermişdilər. Azərbaycanlı oliqarx barədə məlumat toplamaq, onun böyük rezonans doğurmuş “Atletiko” və “Lans” layihələri ilə tanış olmaq kifayət idi ki, Məmmədovun sözlərinə inanasan. Bundan əlavə, bu sövdələşmənin baş tutmasının daha bir həlledici səbəbi vardı. Bu da Azərbaycanın böyük dostu, Monako şahzadəsi Albertin tövsiyəsi idi. İndi isə bu rüsvayçılıqdan şahzadəyə də pay düşür.

Lakin indi elə bir an gəlib yetişib ki, kluba görə pul ödəmək lazımdır. Bu pulu ödəyəcək adam isə yoxdur. Çünki H.Məmmədov indi yalnız “Lans” və “Atletiko” layihələrini necə xilas etmək barədə düşünür, yalnız bununla məşğuldur.

Azərbaycan idmanı uğursuz 2014-cü ildə bax, belə problemlərlə üzbəüz qalıb. Hər şey neftin qiymətinin düşməyindən başladı. Necə deyərlər, dərd gələndə batmanla gəlir...

Lakin belə görünür ki, H.Məmmədov neçə batmanlıq bu ağır dərd yükünün altında qalıb taleyi ilə barışmaq niyyətində deyil. Var gücü ilə müqavimət göstərir.

Buna sübut kimi oliqarxın “Bank of Azerbaijan”ın rəhbəri postuna qayıtması barədəki sensasion xəbəri göstərmək olar. H.Məmmədovun və onun oğlanlarının - bankın əsas səhmdarlarının istefa verməsi barədəki xəbər ötən il bank çevrələrində aydın səmada şimşək effekti yaratmışdı. Bank yeni sahibkarın əlinə keçmişdi.

Bəs sonra nə oldu? Bu yaxınlarda haqqin.az saytında dərc edilən bir yazıda deyilirdi ki, bu bank iflasa uğrayıb. Bankın yeni rəhbərliyi isə ciddi səhvlərə yol verib, kredit ödəmək qabiliyyəti olmayan müştərilərə milyonlarla manat məbləğində kreditlər paylayıb. Bankın yeni rəhbərliyinin yarım illik idarəçiliyi bu müəssisədə maliyyə fəlakəti yaradıb. Nəticədə bankı “Hafka”ya qaytarmaq qərarına gəliblər. İndi o, məşhur futbol klublarında təkcə Azərbaycanın aktivlərini yox, həm də məşhur Azərbaycan bankını xilas etməyə çalışır. “Bank of Azerbaijan”ın nizamnamə kapitalı bu gün haradasa 50 milyon dollardır.

Qaranlıq və dolaşıq labirintə salınıb orada azmış azərbaycanlı oliqarx xilas yolu axtarışı ilə məşğuldur. O, özünü xilas etməyə çalışmır. H.Məmmədovun pulu özünə, bundan sonra da yaxşı yaşamağa bəs edər. Söhbət futbol klublarının, onlarla bərabər isə Azərbaycanın nüfuzunun xilas edilməsindən gedir. “Atletiko” gələn il meydanlara doğrudanmı Ararat loqotipi ilə çıxacaq? Bu suala inamlı cavab vermək çətindir. Azərbaycanlı oliqarx isə labirintdən hələ də çıxmayıb...

Yusif Əliyev

Virtualaz.org

Xəbərlər