830
Bu gün 6 Dekabr 2021, 14:35

“Bayraktar” Qarabağda daha nələri vurub?

“Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ötən il Qarabağda 44 günlük müharibə zamanı rəsmən Ermənistan ordusunun silahlanmasında yer almayan və bu ölkəyə satılmayan ən müasir Rusiya radioelektron mübarizə komplekslərini də məhv edib. virtualaz.org xəbər verir ki, bu barədə məlumat hələ sentyabr ayında, 44 günlük müharibənin başlamasının ildönümündə  “oryxspioenkop.com” adlı saytda yer alıb. Türkiyə və Rusiya qaynaqları isə ona indi diqqət yetiriblər.

Həmin saytda bildirilir ki, Qarabağdakı müharibədən sonra bir sıra müşahidəçilər “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin qeyri-adi effektivliyini erməni silahlı qüvvələrinin sərəncamında onları vurmaq üçün yetərli sistemlərin olmaması ilə izah etməyə çalışırdılar. Lakin Suriya, Liviya və daha sonra Qarabağdakı müharibə hətta S-300PS, “Buk-M2”, “Tor-M2”, “Pantsir-S1” kimi qabaqcıl hava hücumundan müdafiə komplekslərinin hətta “Avtobaza-M”, “Repellent-1”, “Borisoqlebsk-2”, “Qroza-S” , “Piramida-1” kimi müasir radioelektron mübarizə sistemləri ilə birgə istifadə edilməsi zamanı da “Bayraktar”lar qarşısında aciz qaldığını göstərib. 

Nəticədə “Bayraktar”ların hətta ən qabaqcıl ölkələrin Hava Hücumundan Müdafiə qüvvələrini zərərsizləşdirmək üçün işlənib hazırlanan həmin sistemləri məhv etməsi təkcə PUA-ların operatorlarını deyil, bu sistemləri istehsal edən Rusiya şirkətlərini də şoka salmalıdır. Fakt budur ki, nisbətən yüngül və baha olmayan PUA belə sistemlərdən nəinki yayına bilir, üstəlik onları axtarıb tapır və məhv edir. Bu da yeni nəsil müharibə deməkdir.

Qeyd edək ki, “Bayraktar”ların Qarabağda Ermənistan ordusuna məxsus “Repellent-1” (həmin qurğuların döyüş əməliyyatları ərəfəsində Qarabağa gətirildiyi bildirilirdi) radioelektron mübarizə komplekslərini məhv etdiyi bəlli idi. Lakin “Avtobaza-M”, “Qroza-6”, (bu kompleksi Belarus istehsal edir)  “Borisoqlebsk-2” və “Piramida-1” radioelektron mübarizə sistemlərini də zərərsizləşdirdiyi haqda ilk dəfə danışılır. Hansı ki,  “Avtobaza-M” istisna olmaqla həmin sistemlərin Ermənistana rəsmən satışı barədə heç nə məlum deyildi.

virtualaz.org

Xəbərlər