373
Bu gün 13 Oktyabr 2021, 16:05

İran kəşfiyyatı Buşəhrdə 10 casus yaxaladığını açıqladı

İranın Kəşfiyyat Nazirliyi ölkənin Buşəhr əyalətində “region ölkələrinin kəşfiyyat xidmətlərinin 10 əməkdaşını” həbs etdiyini bildirir. virtualaz.org xəbər verir ki, İran kəşfiyyatı hansı “region ölkələrindən” söhbət getdiyini dəqiqləşdirmir, amma bu ölkənin rəsmi televiziyası əməliyyatdan bəhs edən sənədli filmdə Bakının görüntülərini nümayiş etdirib. Bu haqda “The Jerusalem Post” yazır.

Kəşfiyyat Nazirliyinin bildirdiyinə görə, həbs edilən “casuslar” İranın “həssas mərkəzləri” ətrafında informasiya toplamaqla və casusluqla məşğul olublar, həmin “region ölkələrində” yaşayan və ora səfərlər edən iranlılardan istifadə ediblər. Bildirilir ki, həmin “region ölkələrinin xüsusi xidmət orqanlarına qarşı çəkindirici tədbirlər görülüb”.

Qəzet qeyd edir ki, bu bəyanat İranla Azərbaycan arasında davam edən gərginlik fonunda səslənib. İran Azərbaycanı İsrail qüvvələrinə onun sərhədləri boyu fəaliyyət göstərməyə imkan yaratmaqda günahlandırır, iddia edir ki, İrana qarşı əməliyyatlar Azərbaycan ərazisindən idarə olunub. Azərbaycan isə bu iradları qəti şəkildə rədd edir.

Buşəhr vilayətində atom elektrik stansiyası yerləşir və bu ilin iyun ayında stansiyada qəza baş vermişdi. İranın Atom Enerjisi Agentliyi bildirmişdi ki, stansiyada texniki nasazlıq baş verib və qısa müddət ərzində milli elektrik şəbəkəsindən ayrılıb.

Ötən ay isə İranın Kəşfiyyat Nazirliyi ölkənin “həyati vacib obyektlərinə” zərbə endirmək üçün göndərilən qrupun liderinin öldürüldüyünü açıqlamışdı. Qrup üzvlərinin isə həbs edildiyini bildirmişdi.

virtualaz.org

Xəbərlər