461
Bu gün 13 Oktyabr 2021, 16:16

Azərbaycan, Ermənistan və Rusiya dini liderləri birgə bəyanat yaydılar

16:16

Azərbaycan və Ermənistan xalqları arasında bugünkü və gələcək nəsillərin rifahı naminə sülhün bərqərar olmasına dini liderlər dəstək verməyə hazırdır. Bu barədə Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin Moskva şəhərindəki görüşü başa çatdıqdan sonra Moskva və Rusiya patriarxı Kiril tərəfindən səsləndirilən bəyanatda bildirilir.

“Azərbaycan və Ermənistan xalqları üçün birgə yaşayışdan başqa gələcək yoxdur. Bu gün insanlar arasında etimadı bərpa etmək daha mühümdür”, – bəyanatda qeyd olunur.

Rusiya dini lideri həmçinin deyib: "Bizim üçün qardaş olan iki xalqın dini icmalarını və sakinlərini narahat edən bu mürəkkəb problemləri müzakirə etmək üçün üz-üzə gəlməyə hazır olduqlarına görə Azərbaycan və Ermənistan dini liderlərinə təşəkkür edirəm".

“Dinin nadir sülhpərvər imkanlarına malik olmasına şübhə etmirik. Azərbaycanla Ermənistan arasında münasibətlər bu gün nə qədər çətin olsa da, əminik ki, məhz Tanrıya inanc və sevgi uzun illərdir davam edən faciəli qarşıdurmanın açdığı yaralara şəfa tapmağa kömək ola bilər. Dini liderlər dinlər və xalqlar arasında mehriban qonşuluq ab-havası yaratmaq və onu qorumaq üçün öz nüfuzundan istifadə etməlidirlər”, – patriarx Kiril əlavə edib.

***

13:59

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında keçirilən görüş başa çatıb.

***

12:10

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb. Rusiya KİV-lərinin yaydığı məlumata görə, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.

Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar. 

Xatırladaq ki, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.

Xəbərlər