671
Bu gün 28 Sentyabr 2021, 13:10

Türkmənistan da “Bayraktar”lar alıbmış...

44 günlük Qarabağ müharibəsinin gedişatını dəyişdirən silahlardan biri olan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri  ötən gün sentyabrın 27-də Türkmənistanın paytaxtı Aşqabadda müstəqilliyin 30 illiyi münasibətilə keçirilən hərbi paradda görünüb. virtualaz.org xəbər verir ki, paradda T191 və T192 bort nömrəli iki “Bayraktar TB2” keçid edib. Bundan əvvəl Türkmənistanın “Bayraktar”lar aldığı barədə məlumat yox idi və rəsmən bu ölkənin adı Türkiyənin “Baykar” şirkətindən həmin PUA-ları alan ölkələrin siyahısında yer almır.

“Baykar Teknik” şirkətinin rəhbəri Selçuk Bayraktar müsahibələrində deyib ki, “Bayraktar TB2” indiyədək Azərbaycan da daxil olmaqla 4 ölkəyə ixrac edilib, daha 10 ölkə isə bu PUA-ları sifariş verib və almaq üçün növbədə gözləyir. “Bayraktar”ları alan ölkələr isə Azərbaycandan başqa Ukrayna, Mərakeş və Qətər idi. Son olaraq bu PUA-ların Polşaya təchizatı həyata keçirilmişdi və bu da Moskvanı narahat etmişdi. İndi isə bəlli olur ki, Türkmənistan da “Bayraktar”larla silahlanıb.

Hərbi paraddan yayılan videokadrlardan görünür ki, Türkmənistan ordusunun silahlanmasına daxil edilən “Bayraktar”lar  Almaniya istehsalı olan Hensoldt ARGOS II HD / HDT kamera sistemi ilə təchiz edilib. Habelə onlar Azərbaycanın aldığı “Bayraktar”lar kimi üç pərli mühərrikə malikdir. Paradda Türkmənistan “Bayraktar”larının 2 ədəd MAM-L və 2 ədəd MAM-C lazerlə yönləndirilən raketləri daşıdığı da görünüb.

virtualaz.org

Xəbərlər