159
Bu gün 15 Sentyabr 2021, 11:24

Rövşən Əkbərovun məhkəməsi yenə təxirə salındı

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb.

Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb hakim heyətinə daxil olan Elbəy Allahverdiyevin koronavirusa yoluxması olub.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbərlər