1928
Bu gün 30 İyul 2021, 16:35

Deputatın polisi döyməsinə görə cinayət işi qaldırıldı

17.17

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.  Baş Prokurorluqdan  verilən məlumata görə, toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. 

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

16.35

Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi döyməsi əhvalatının yeni təfərrüatları məlum olub.  

Xaçmaz bölgəsində fəaliyyət göstərən jurnalist Cəmil Məmmədli sosial şəbəkədə paylaşdığı videoda döyülmə hadisəsinin Nabranda yox, Xaçmaz şəhərinin Bakı prospektində yerləşən “Starıy Dvor” kafesində baş verdiyini bildirib. Jurnalist deyir ki, hadisədən bir neçə gün qabaq rayonun polis şöbəsinin əməkdaşları kafenin gecə saat 12-dən sonra işləməsinə görə onun icarədarına xəbərdarlıq ediblər: “Bildirim ki, kafe Eldəniz Səlimova aid deyil, sadəcə onun bacısı oğlu tərəfindən icarəyə götürülüb. Bu xəbərdarlıqdan bir neçə gün keçdikdən sonra deputat Z. Mirzəyevi söhbətə çağıraraq onu qəfildən vurub”.

“Bakupost”un məsələ haqda yaydığı yeni məlumatda isə bildirilir ki, əslində mübahisənin kökü daha əvvəl yaranıb. İnsidentdən bir neçə gün əvvəl polis əməkdaşları restorana gəlib və rəhbərliyə gecə 12-dən sonra fəaliyyət göstərməyin qadağan olduğunu xatırladaraq, belə hala yol verməməsini, restoranın fəaliyyətini dayandırmağı tələb edib. Həmin vaxt restoranda olan deputat E.Səlimov polislərin qanuni tələblərinə etiraz edib və onlardan restorandan çıxmasını tələb edib.

Hadisənin ertəsi gün E.Səlimov Z.Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng edərək oğlunun ondan üzr istəməsini tələb edib. Deputatın zəngindən sonra C. Mirzəyev oğluna Eldəniz Səlimovdan üzr istəməli olduğunu tapşırıb və Zaur Mirzəyev də bununla razılaşıb. Söhbət əsnasında deputat bildirir ki, restoranda 28 iyul tarixində olacaq, Zaur ora gəlib, hamının qarşısında üzr istəməlidir.

İyulun 28-də keçirilən reydə Z.Mirzəyev də daxil edilib və polislər   “Starıy Dvor”a gedərkən yenə də restoranın gecə saat 12 olmasına baxmayaraq, fəaliyyət göstərdiyini görüblər. Z.Mirzəyev deputatdan üzr istəyib, amma  yenə də restoranın 12-də bağlanmalı olduğunu xatırladıb. Bu isə Eldəniz Səlimovu hiddətləndirib və o, Z.Mirzəyevi ağır sözlərlə təhqir edərək, döyüb. Z.Mirzəyev hadisədən sonra baş verənlərlə bağlı Xaçmaz RPŞ-nin rəhbərliyini məlumatlandırmayıb. Yalnız 29 iyulda insident KİV-lərə sızandan sonra polis şöbəsinə çağırılan Z.Mirzəyev hadisənin baş verdiyini və xəsarətlər aldığını təsdiqləyib. Bunun ardınca isə Daxili İşlər Nazirliyinə məlumat verilib.

15.57

Ötən gün Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı ilə bağlı araşdırmanı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsən nəzarətə götürüb. Bakupost.az bildirir ki, Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyev məsələ ilə bağlı Bakıya çağırılıb. Z.Mirzəyevin ilkin ifadəsi Daxili İşlər Nazirliyinin istintaq idarəsində alınıb və fakta hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa müraciət edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin faktla bağlı araşdırmalara başladığını təsdiqləyib.

Xəbər verildiyi kimi, hadisə iyulun 28-də gecə saatlarında baş verib. Deputat Eldəniz Səlimov qohumuna aid restoranların birində yeyib-içərkən polis əməkdaşları gələrək, gecə 12 olduğunu xatırladıb və restoranın artıq fəaliyyətini dayandırmalı olduğunu bildiriblər. E.Səlimov isə polislərdən restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib. 

11.36

Deputat Eldəniz Səlimovun Nabranda polisi döyərək xəsarət yetirməsi faktı Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcək. Bu barədə “Qafqazinfo” ya parlamentin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı məlumat verib. O bildirib ki, hazırda deputatlar məzuniyyətdədir:

“Çox güman ki, məzuniyyət müddəti başa çatan kimi bu barədə iclas çağırılacaq. İclasda baş vermiş hadisənin detalları müzakirə ediləcək. Deputat öz cəzasını alacaq. Sözsüz ki, birinci növbədə ona töhmət veriləcək. Başqa hansı cəzaların olacağı isə müzakirələrin nəticəsində bəlli olacaq. Çünki ortada xuliqanlıq, zorakılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, karantin rejiminin pozulması halları var”.

F. Ağamalı qeyd edib ki, baş vermiş hadisə təəssüf doğurur: “Belə hal olmalı deyil. Deputatın öz vəzifə səlahiyyətlərinə görə belə hala yol verməsi qəbuledilən deyil. Statusundan asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”.

***

Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktına münasibət bildirib. Nazirliyin Mətbuat xidmətindən belə bir hadisənin baş verdiyi təsdiqlənib.

Bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: "Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".

Xəbərlər